Fəlakətin miqyası çox böyük olar


Rusiya Çernobıl AES-lə bağlı təhlükəli addım atmağa cürət etməz

“Çernobıl AES-də vəziyyət təhlükəlidir. Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir”.
Bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak səsləndirib.
“Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”, – deyə o bildirib.

M.Podolyak vurğulayıb ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

Rus qoşunları fevralın 24-də Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, 1986-cı il 26 aprel tarixində Ukrayna SSRİ-nin şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda qəza baş verib. Hadisə nəticəsində 10 minlərlə insan həyatını itirib və yaralanıb. Bu gün də Çernobıl qismən tərk edilmiş şəhər olaraq qalır. Bu, SSRİ-nin faciəsi idi. İndiki dövrdə oxşar hadisə yenidən təkrarlanarsa, günümüzdəki Rusiya heç də keçmiş SSRİ-dən az zərər görməyəcək.
Bu reallığı dərk edən Moskvanın belə bir addım atması nə dərəcədə real görünür?

Bu barədə “Şərq”ə açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, Rusiya əslində Ukraynadakı Atom Elektrik Stansiyasında çirkli nüvə silahının hazırlanması haqqında kəşfiyyat məlumatları əsasında bu stansiyanı elə keçirdi. 

“Həqiqətən verilən məlumatın doğru olduğu məlum oldu. Çünki Qərb Ukraynanı qızışdırmışdı ki, sən nüvə dövləti ola bilərsən. 

Onların məqsədi Rusiya ilə qarşıdurmada Ukraynadan yararlanmaq idi. Rusiya da məsələni daha tez öyrəndiyinə görə bunun qarşısını aldı. SSRİ Çernobıl faciəsini yaşayıb. Rusiyanın bu senarini təkrarlaması ehtimalı sıfıra bərabərdir. Çünki onun ərazisində də AES-lər var. Eyni zamanda həmin stansiyaları xarici ölkələrdə, eləcə də Türkiyədə qurur. Buna görə də Rusiya imicinə xələl gəlməsini istəməz”. 
Kiyevin bu barədə narahatlığı və həyəcan siqnalı verməsi əbəs deyil. Ukrayna ərazisində rus ordusunun ələ keçirdiyi stansiyanın partlamasının nə dərəcədə böyük fəlakətlə nəticələnəcəyini təxmin etmək mümkündür.

“Zaporojiya atom elektrik stansiyası Avropada yerləşən ən böyük stansiyadır və Çernobıldakından 4 dəfə güclüdür. Əgər bu senari təkrarlanarsa, Rusiyanın, Belarusiyanın və Ukraynanın əhalisinin çoxu şüalanmaya məruz qalacaq və həlak olacaq. Rusiyanın buna yol verəcəyinə inanmıram”.

Sənan İsmayıl