Zelenskinin qərarı Rusiya üçün fəlakət olmayacaq

Əslində işçi ukraynalılar Rusiyada daha çox fəaliyyət göstərirlər

Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək. Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Kiyevdə Rusiya Federasiyasına və onun vətəndaşlarına aid əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsi imzalayıb. Bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat verib. 

Sənəddə qeyd edilir ki, bu qanun Ukraynaya qarşı böyükmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial, o cümlədən hərbi zərurətdən irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək. 

Qeyd edək ki, Rusiyada da eyni ilə xarici şirkətlər milliləşdirilə bilər. Layihəyə əsasən, dövlətə məxsus "Vneşekonombank" və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək. 

Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, bu, normaldır:

"İki dövlət savaşır. Əlbəttə ki, onlar bir-birinə hərbi, siyasi, iqtisadi baxımdan ziyan vurmaq məqsədi güdürlər. Çünki artıq hər iki dövlət düşmən ölkələrə çevriliblər. Rəsmi  Moskva Ukrayna, rəsmi Kiyev Rusiya şirkətlərinə qarşı preventiv zərbələr endirir. Ukraynalılar işçi nöqteyi-nəzərdən Rusiyada daha çoxdur, nəinki ruslar Ukraynada. Ümumiyyətlə, 2014-cü ilə qədər Rusiya şirkətləri rəsmi Kiyevdə daha çox fəaliyyət göstərirdilər. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə rus şirkətləri oradan getməyə başlayıb. Hazırda düşünmürəm ki, Zelenskinin bu qərarı Rusiya üçün ciddi bir zərbə olsun".