Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyaya yollandı

Karate üzrə yeniyetmə və gənclər milli komandalarının bir sıra üzvü 18-20 Mart tarixlərində Xorvatiyanın Samobor şəhərində 30-cu Qran-pri turnirinə yollanıb.

Oxu.Az xəbər verir ki, 16-17 və 18-21 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev, gənclərin böyük məşqçiləri Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə 17 idmançı yer alıb.

16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (-53 kq), 18-21 yaşlı gənclərdə Elmir Musayev (-60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (hər ikisi -67 kq), Fərid Ağayev (-75 kq), Hüseyn Hüseynzadə, Abbas Dadaşov (hər ikisi -84 kq), Osman Osmanlı, Namiq Quliyev (hər ikisi +84 kq), Xumar Əlibəyova (-50 kq), Suada Kərimova (-55 kq), Ayla Rzazadə (-61 kq), Zəhra Əliverdiyeva (-68 kq), Fidan Musayeva (+68 kq) kumite yarışlarında, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata çıxışlarında mübarizə aparacaq.
Milli komanda üzvlərindən əlavə bir sıra klubların idmançıları da Qran-pri turnirində iştirak edəcək. Nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turnirin referiləri arasında olacaq.