Serbiya, Xorvatiya, Slovakiya və Bolqarıstan fərqli mövqe nümayiş etdirirlər
Ukrayna-Rusiya müharibəsi uzandıqca slavyan dövlətlər də Kiyev və Moskva arasında qütbləşəcək
Polşa, Çexiya və Sloveniya baş nazirləri Ukraynaya dəstək üçün Kiyevə səfər ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə həmin ölkələrin baş nazirləri ilə görüşüb. Səfəri təşkil edən şəxsin Polşanın Baş naziri Mateuş Moravetski olduğu deyilir. Polşa slavyan əsilli xalq olsa da, ən az Ukrayna qədər Rusiyadan nifrət edir. Məsələnin tarixi aspekti bir yana, siyasi baxımdan Varşava-Moskva münasibətləri hər zaman soyuq və ehtiyatlı olub. Rəsmi Varşava Qərbdən və ABŞ-dan Ukraynaya gələn yardımın öz ərazisindən sərbəst keçməsinə şərait yaradır. Bundan başqa Polşa tərəfi Ukraynaya silah və iqtisadi yardım da edir.
Çexiya da bənzər şəkildə Rusiyaya qarşı soyuq münasibət göstərib. Mövcud Ukrayna-Rusiya müharibəsi isə bu münasibətləri daha da gərginləşdirib. Çexiyanın Baş naziri Petr Fiala müharibə ilə əlaqədar Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Bundan başqa rəsmi Praqa Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verib. Hətta Çexiya Müdafiə naziri Yana Çernoxova açıqlayıb ki, 400-ə yaxın könüllü Ukraynada döyüşmək üçün müraciət edib.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Polşa, Çexiya və Sloveniyanın əksinə, Serbiya, Xorvatiya, Slovakiya və Bolqarıstan Ukraynaya dəstək nümayiş etdirmir:
“Daha doğrusu, adları çəkilən ölkələr kimi birbaşa yardım etmirlər. Düzdür, burada ölkələrin mövcud müharibəyə yanaşma fərqlilikləri olsa da, hesab edirəm, əsas fərq bu ölkələrin Kremli panslavyan ideologiyasının mərkəzi, eyni zamanda slavyan ölkələrinin lideri kimi görmələridir.
Serbiya və Bolqarıstan tarixi və siyasi baxımdan Kremllə ən sadiq dövlətlərdir. Xorvatiyaya gəldikdə isə Prezident Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibədən öncə açıqca qeyd etmişdi ki, ölkəsi bu müharibədə NATO ilə birlikdə iştirak etməyəcək.
Yəni Qərbə ən yaxın sayılan Xorvatiya belə Ukrayna-Rusiya müharibəsində Kiyevi dəstəkləmədiyi kimi, Kreml əleyhinə formalaşan qütbdə yer almaq istəmir.
Nəticə etibarilə deyə bilərik ki, Ukrayna-Rusiya müharibəsi uzandıqca slavyan dövlətlər də Kiyev və Moskva arasında qütbləşəcək. Bu qütbləşmə müharibə sonrası özünü daha qabarıq formada göstərə bilər”.