Türkiyə ABŞ-ın təklifini rədd edəcək


ABŞ Türkiyəyə S-400 raket komplekslərini Ukraynaya verməyi təklif edib.

Reutersin yaydığı xəbərə görə, Vaşinqton nümayəndələri bu məsələni türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı qaldırılıb.

Məsələ ABŞ dövlət katibinin birinci müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı müzakirə olunub.

Ekspertlərin fikrincə, “bu ideya çox güman ki, Türkiyə tərəfindən rədd ediləcək”.

Agentliyin mənbələrinin verdiyi məlumata görə, Ankara üçün bu variant qəbuledilməzdir.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.

Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.

Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.
NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ötən ilin noyabrında Ankara və Moskva arasında S-400-lərlə bağlı mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.