Təhlükə artır...! - Putin atəşkəsin vaxtının çatmadığını söyləyib

Qərb isə Rusiyaya sanksiyaların daha da sərtləşdirilməsini düşünür

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna rəhbəri V.Zelenski arasında telefon danışığı olub. Söhbətin müzakirə mövzusu İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqları olub. Ərdoğan Ukrayna və Rusiya danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrinə əsasən, müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini bildirib. İstanbul danışıqlarından sonra gərginliyi azaltmaq üçün bəzi işarələr verməyi vacib hesab etdiyini deyən Prezident Ərdoğan Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb. Ukrayna Prezidenti Zelenski də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Türkiyə Prezidentinə təşəkkür edib.

“Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır: “Krım və Donbas məsələsində bir addımın atılması üçün bunu ən yüksək səviyyədə liderlərlə müzakirə edirik. Bu məsələ ilə bağlı danışıqlara ev sahibliyi edəcəyimizi də tərəflərə bildirdik. Zelenskinin müsbət yanaşması var, Vladimir Putin də buna müsbət yanaşırdı. Ümid edirəm ki, bugünkü telefon danışığı ilə İstanbulda liderlər zirvəsini gerçəkləşdirmək məsələsində nəticə əldə edə biləcəyik”.

“Ukraynanın daha çox dəstəyə ehtiyacı var”

Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yerləşdirdiyi videoda Qərb dövlətlərinə çağırış edib. O deyib ki, Rusiya ordusunun müəyyən ərazilərdə əlavə qüvvələr cəmləşdirdiyi vaxtda Ukraynanın tərəfdaşlardan daha çox dəstəyə ehtiyacı var: “Mən tərəfdaş dövlətlərimizin parlamentlərinə müraciət etdim. Avstraliya, Niderland, Belçikadan tam dəstək gördüm. Konkret addımlar gözləyirəm. Rusiyaya qarşı daha da sərt sanksiyalara çağırıram. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də danışdım”. Onun sözlərinə görə, sanksiyalardan əlavə, Ş.Mişellə Ukraynaya iqtisadi dəstək və prioritet layihələrin maliyyələşdirilməsi, eləcə də Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük istiqamətində görülən tədbilər ətraflı müzakirə edilib: “Sanksiya siyasəti Prezident Aparatının rəhbəri Andrey Yermakla Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında danışıqların mövzularından biri olub. ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı yeni paket təqdim edib. Biz minnətdarıq. Sanksiyalar Rusiya iqtisadiyyatının həssas sahələrinin, onun müdafiə sektorunun işini məhdudlaşdıracaq”.

“Rusiyaya qarşı sanksiyalar artırılmalıdır”

Ukrayna XİN başçısı D.Kuleba da Avropa İttifaqını Rusiyaya qarşı yeni sanksiyalar qoymağa çağırıb: “Ukraynaya humanitar yardıma və maliyyə dəstəyinə görə həmkarıma təşəkkür etdim. Biz Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik. Rusiya Ukraynanı bombalamaqda, mülki insanlarımızı öldürməkdə davam edir. Ona görə də sanksiyalar artırılmalıdır”.

“Rusiya Ukraynanın üçdə birini tutmaq istəyir”

Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, yaxın gələcəkdə Rusiya Ukrayna ərazilərinin üçdə birini tutmağa çalışacaq. Onun sözlərinə görə, Moskva bundan istifadə edərək danışıqlarda öz mövqeyini gücləndirir: “Mən Rusiya qoşunlarının yenidən qruplaşmasını, yenidən təşkil edildiyini görürəm. Düşünürəm ki, tezliklə onlar Ukrayna qüvvələrini, xüsusən də Donbas bölgəsini mühasirəyə almağa çalışacaqlar. Sonra Ukrayna torpaqlarının üçdə birini ələ keçirərək, danışıqlar aparmaq istəyəcəklər”. O əlavə edib ki, ukraynalı tərəfdaşlar sarsıdıcı sanksiyalar tətbiq etməyə davam etməlidirlər. Baş nazirin sözlərinə görə, Moskva uzunmüddətli sanksiyalardan qorxur: “Biz onların aktivlərinin müsadirə olunmasının tərəfdarıyıq. Rusiya nefti və qazını almağı dayandırmaq üçün mümkün olan hər şeyi edirik”. 

İtaliyanın Baş naziri Mario Draqi deyib ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı ona atəşkəsin vaxtının hələ çatmadığını bildirib: “Mən ondan soruşdum ki, atəşkəs rejiminin tətbiqi ilə bağlı məsələyə baxılırmı və ya nə zaman baxılacaq? Bildirdim ki, əsas məsələ qısa müddətə də olsa, atəşkəsin tətbiqidir. O isə cavabında hələ şəraitin yetişmədiyini dedi”. Mario Draqi Putin-Zelenski görüşü ilə bağlı da danışıb: “Rusiya liderindən Ukrayna prezidenti ilə mümkün görüşü barədə soruşdum. Putin bildirdi ki, bunun vaxtı hələ çatmayıb”.

“Ukrayna danışıqlarda Donbas və Krım reallıqlarını anladığını nümayiş etdirir”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna tərəfi danışıqlarda Donbas və Krım reallıqlarını anladığını nümayiş etdirir. O, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdiyini, hələlik yekun plan və razılaşmanın olmadığını söyləyib: “Rusiya ilə Ukrayna arasında danışıqlar davam etdirilməlidir, Moskva Kiyevin təkliflərinə öz reaksiyasını hazırlayır. Danışıqlar davam etməlidir. Ukrayna tərəfinin ilk dəfə olaraq əldə edilməli olan razılaşmalarla bağlı öz baxışını kağıza köçürdüyü danışıqların son raunduna İstanbuldakı müzakirəçilərimizin necə şərh verdiyini eşitdiniz. Bu razılaşmalar ümumiyyətlə əvvəldən formalaşdırılmalı idi. Biz bu təkliflərə cavab hazırlayırıq. Hər şeydən əvvəl Ukraynanın blok ölkə olmasının, Ukraynanın Şimali Atlantika Alyansında xoşbəxtlik axtarmasının mümkünsüzlüyünün qəbul olunması baxımından danışıqlarda irəliləyiş var”. O, Moskva-Kiyev danışıqlarında irəliləyişin olduğunu qeyd edib.