Nə baş verir? - 6 rus oliqarxın şübhəli ölümü dünya mediasında gündəm olub 

Rusiyanın Ukraynaya hərbi təcavüzündən bu yana rus oliqarxların və ailə üzvlərinin sirli ölümləri dünya mediasında səhifələnir. “Şərq” “Milliyet.com”a istinadən xəbəri paylaşaraq bildirir ki, vəfat edənlər bank, enerji sektoruna rəhbərlik etmiş, ya da mədən sənayesi şirkətlərinin zəngin səhmdarları olan, iqtidara yaxın ruslardır. Bəzilərinin ailə üzvlərinin də vəfat etməsi burada sirr pərdəsi olduğu ehtimalını artırır. Təbii qaz şirkəti “Novatek”in direktor müavini, rus oliqarx Sergey Protosenya ötən həftə İspaniyanın Kataloniya sahilindəki villasında asılmış vəziyyətdə tapıldı. 

Həyat yoldaşı Natalya və qızı Mariyanın da cəsədləri villada tapıldı. Hər ikisi bıçaqlanaraq öldürülmüşdü. Ailə Pasxa bayramını qeyd etmək üçün İspaniyaya gedib, lüks villa kirayələyibmiş. İspaniya polisi oliqarxın həyat yoldaşını və qızını öldürdükdən sonra özünü asdığından şübhələnir. 

Lakin hadisə baş verən zaman Fransada olan oliqarxın oğlu Fyodor atasının belə bir qətlə imza ata biləcəyini qəti rədd edərək: “Atam anamı da, bacımı da çox sevirdi. Onlara heç vaxt zərər verə bilməzdi. Atam qatil ola bilməz. O gecə başqa hadisələrin olduğunu düşünürəm”, deyib. Bu hadisədən iki gün əvvəlsə “Qazprom”un baş direktorunun sabiq köməkçisi Vladislav Avayev, həyat yoldaşı və 13 yaşlı qızının cəsədləri Moskvadakı mənzillərində tapılıb. Hər üçünün  tapançadan açılan atəşlə öldürüldüyü məlum olub. Avayev üçün də ailəsini öldürəcək keyfiyyətlərə malik olmadığı deyilir. İstintaq “cinayət-intihar” versiyası üzərində dayanır. İki oliqarxın əvvəlcə ailə üzvlərini, sonra da özlərini öldürmələri əvvəlcədən düşünülmüş qurğu senarisinə bənzəyir. 

“Medstom” şirkətinin sahibi, milyarder Vasili Melnikov da mart ayında Nijni Novqorod şəhərindəki evində həyat yoldaşı və iki oğlu ilə birlikdə ölü tapılıb. Dördündə də bıçaq yaraları varmış. 

Sanki kimsə oliqarxlar arasında cinayət-intiharların “dəb” halını aldığına inandırmağa çalışır. Neft və qaz “kralı” kimi tanınan Mixail Vatford  - Mişa da İngiltərədəki evinin qarajında asılı vəziyyətdə tapıldı. Fərq bundadır ki, Mişanın həyat yoldaşı və övladlarına zərər toxunmamışdı.

 Vaxtilə “Qazprom”un idarə heyətində təmsil olunmuş 61 yaşlı Aleksandr Tyulyakov və Leonid Şulman da Sankt-Peterburqdakı mənzillərində ölü tapılıb. 6 oliqarxın bir-birinə çox bənzəyən ölümlərinin sirri açılacaqmı? 

Hazırladı: Məlahət