Mayda savaşın bitəcəyi gözlənilir

ABŞ və müttəfiqləri Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəklər

NATO-ya üzv ölkələr Ukraynaya azı 8 milyard dollar dəyərində yardım göstərib. Bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib. O vurğulayıb ki, Ukraynanın qəddarcasına işğalı Avropada hərbi alyansa və Aİ-yə üzv olmayan ölkələrə dəstək vermək zərurətini ortaya çıxarıb: “Məsələn, Gürcüstan və Moldova kimi ölkələr. Söhbət əməli və siyasi dəstəkdən gedir. Biz Avropanın şərq hissəsindəki yaxın tərəfdaşlarımızla daha da sıx işləmək üçün nə edə biləcəyimizi araşdırırıq”.

Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib ki, müharibənin başa çatmasına az qalıb. Onun sözlərinə görə, Ukraynanın da Rusiya ərazisinə zərbələr endirməsi müharibəni qlobal miqyasa çıxarmayacaq, çünki Rusiya artıq dağılır: “Qərb Ukraynaya yardım etməyə məcburdur. Dünyanın ən böyük düşməni olan dövlətin yoxa çıxmasına az qalıb, may ayını gözləyirik. Müharibənin davam etdiyi hər gün Rusiyanın ziyanına işləyir. ABŞ və müttəfiqləri Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəklər. Ukraynanı həm Britaniya, həm də ABŞ güclü silahlarla təchiz etməyə başlayıb. Çünki bu, tək Ukraynanın müharibəsi deyil, çünki Ukrayna indi sivilizasiyanı terrorçu Rusiyadan qoruyur, ona görə də Qərb ona lazım olan hər şeylə kömək etməyə məcburdur. ABŞ və müttəfiqlərinin başqa seçimi yoxdur. Rusiyanı indi dayandırmaq lazımdır, çünki başqa vaxt bu mümkün olmayacaq”. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb. O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kreml Ukraynaya qarşı müharibədə Rusiya ətrafında koalisiya formalaşdırmaq istəsə də, bu alınmır. Analitik deyib ki, heç bir ölkə işğalçı savaşda Rusiyanın yanında yer almaq istəmir: 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr müharibədən məsafə saxladılar. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko belə Kremlə dəstək versə də, ordusuna Ukraynaya hücum əmri verməkdən çəkindi.
Rusiyaya qarşı koalisiyaya qoşulan dövlətlərin sayı 40-ı ötüb. Bu sıraya Rusiyanın məğlubiyyətini arzulayan dövlətləri də əlavə etmək lazımdır. İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyaya rəsmən 53 ölkə qoşulmuşdu. Ancaq Hitlerin, heç olmazsa, Yaponiya və İtaliyanın simasında müttəfiqləri var idi, Stalinqrad döyüşündə Almaniya tərəfdən italyanlar və rumınlar da savaşırdı. Rusiya isə müharibəyə yalnız tərkibindəki azsaylı xalqları göndərib. Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüblər”.