Rusiyanın Ukraynadakı “B” planı...

“Kreml ABŞ-ın Naqasaki və Xirosimada etdiklərinə bənzər dəhşətə əl ata bilər”

“Məqsəd ağır silahları işə salaraq Kiyevi təslimçi danışıqlara məcbur buraxmaqdır”


Rus işğalçıları hücum üçün bir neçə istiqamət müəyyən ediblər, təzyiqlər qarşıdan gələn 9 may ilə bağlıdır. Bu iddia ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. Onun sözlərinə görə, cəbhədəki vəziyyət son günlərlə müqayisədə ciddi dəyişməyib. Ruslar hələ də İzyum, Zaporojye və Xerson istiqamətlərini yarıb keçməyə çalışırlar. O, həmçinin bildirib ki, toqquşma xəttində taktiki hərəkətlər gedir, düşmənin texnika üstünlüyü var. 

Lakin işğalçıların aviasiya və artilleriyadakı üstünlüyü onların qarşısında duran hərbi və siyasi vəzifələri yerinə yetirməyə imkan vermir. Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyada 9 may ərəfəsində səfərbərliyə hazırlıq olacağının ehtimal edildiyini bildirmişdi. Rusiya Xarici işlər naziri Sergey Lavrov isə bu iddiaları təkzib edib. Lavrov bildirib ki, Rusiya Ukraynadakı müharibəni mayın 9-na kimi bitirməyə cəhd etməyəcək: “Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini hansısa tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar”.

Kiyevin 9 mayla bağlı iddialarını “Şərq”ə təhlil edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Rusiya qələbə gününə kimi cənub cəbhəsində nəzarəti ələ keçirmək niyyətindədir. Ekspertin sözlərinə görə, Rusiyanın təcavüzkar planları Odessa və Dnestryanı bölgəni də ciddi təhdid etməkdədir: 

“Rusiya tərəfi 9 maya kimi, yaxud elə həmin gün “Sarmat” raketlərini də müxtəlif cəbhələrdə tətbiq edə bilər. Bu da Ukrayna və onu müdafiə edən Qərb ölkələrinə sarsıdıcı zərbə vurmaq istəyindən irəli gəlir. Moskvanın buna əl atması ehtimalı böyükdür. Rusiya ABŞ-ın Naqasaki və Xirosimada etdiklərinə bənzər dəhşətə əl ata bilər. Məqsəd ağır silahları işə salaraq Kiyevi təslimçi danışıqlara məcbur buraxmaqdır. Rusiya hazırda cəbhədə çox yavaş irəliləyir və bu gedişlə dəqiq proqnoz vermək çətindir”.