Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər var - ŞƏRH

Siyasi konfliktin hərbi münaqişəyə çevriləcəyi təqdirdə, Yunanıstan Türkiyə qarşısında duruş gətirə bilməyəcək

“İki NATO üzvü - Türkiyə ilə Yunanıstan - arasında hərbi eskalasiya riski qapını döyür. Regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir”. 

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər var: 

“Yunanıstan Egey dənizindəki adaları silahlandırır. Türkiyə bunun Lozanna və Paris müqavilələrinə ziddi hesab edir. Bununla da həmin adalara suverenlik iddiaları irəli sürür. Şərqi Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə gedir. Yunanıstan Qərbi Trakiya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir. Qərb Türkiyədə prezident seçkisi öncəsi özünün süni şəkildə yaratdığı küləkləri əsdirmək istəyir. Simpatiyasını Yunanıstana istiqamətləndirir. Ankara isə suveren hüquqlarınının, ərazi bütövlüyünün qorunması üçün ordusunun gücünü artırır və qarışıq situasiyalarda diktələrini həmin ordunun gücü hesabına yeridir. Türkiyə ilə Yunanıstanın ordusunun müqayisəsini aparsaq, görürük ki, birinci demək olar ki, bütün komponentlər üzrə rəqibini əhəmiyyətli dərəcədə üstələyir. Siyasi konfliktin hərbi münaqişəyə çevriləcəyi təqdirdə, Yunanıstanın Türkiyə qarşısında duruş gətirə bilməyəcək, Qərb isə ən yaxşı halda Yunanıstana silah tədarükü edə bilər”.

A.Kərimova görə, Türkiyə ərazilərinə hər hansı qəsd cəhdi elə də asan deyil: 

“Türkiyə ordusunun döyüş gücü, şəxsi heyətin psixoloji vəziyyəti elə həddədir ki, Ankara öz rəqiblərinə Çanaqqaladan sonra ikinci dərs verər. Egey adalarının çoxu Türkiyə sahillərinə yaxındır və Yunanıstan həmin yerlərdə silahsız mövcudluğunu şərtləndirən müqavilələri pozaraq hərbi varlıq qurur. Hərçənd ki, həmin adalar Yunanıstana silahsızlaşdırılmaq şərti ilə verilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib. O, deyib ki, rəsmi Afina Egey dənizindəki adaları silahlandırmaqdan çəkinməlidir. Həmin adalardan üçüncü tərəflər də yararlanmaq niyyətindədir. Bu isə Türkiyəyə yeni təzyiq metododur. Ankara əldə etdiyi kəşfiyyat məlumatları ilə həmin basqıların nəyi hədəflədiyini gözəl bilir.
Bəli, Türkiyə hədəfdədir, amma Ərdoğan üçüncü tərəflərə də müraciət qarışıq xəbərdarlıq ünvanlayıb ki, onlar adaların “barıtını” çox etsələr, bu, fəlakətlə nəticələnəcək. Yəni, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, zəruri olarsa, Azərbaycan da Türkiyənin yardımına çatacaq”.