"Müharibə davam etdikcə Ukrayna ərazi itirir"

Əhəd Məmmədli: "Bir sıra Qərb ölkələri Ukrayna rus işğalına daha çox məruz qalmasın deyə Kiyevə, konkret Zelenskiyə Moskva ilə danışıqlara getməyi tövsiyə edirlər"

Fransa Prezidenti Emmanuel Makron Ukraynanı Rusiyaya güzəştə getməyə, Moskva ilə danışıqlar masasına əyləşməyə çağırıb. O deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenksi gec-tez Rusiya ilə danışıqlar aparmağa məcbur qalacaq. Ukrayna rəsmiləri Emmanuel Makronu Rusiyayönlü mövqeyinə görə tənqid ediblər. Onlar hesab edirlər ki, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparması yolverilməzdir. Makron daha öncə də fikirlərini gündəmə gətirmişdi. İyunun 3-də bildirmişdi ki, “Rusiyanı alçaltmaq lazım deyil, çünki gec, ya tez başqa dövlətlər onunla əməkdaşlıq edəcək”. Fransa rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə dekabrda yüz saatdan artıq danışıq apardığını da demişdi. 

ABŞ dövlət katibi Entoni Blinken də bildirib ki, Ukrayna xalqı və Prezident Volodimir Zelenskinin başçılıq etdiyi hökumət ərazi güzəştlərinin mümkünlüyü məsələsini təkbaşına həll etməlidir. Blinkenə görə, Ukraynanın gələcəyi ukraynalıların əlindədir: “Bu qərarları qəbul etmək Ukrayna xalqına və Prezident Zelenski də daxil olmaqla demokratik yolla seçilmiş hökumətə aiddir. Ölkəsinin, xalqının mənafeyinə nəyin uyğun gəldiyi onun öz ixtiyarındadır və biz bunu dəstəkləyəcəyik”. Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də “Ukraynanın ərazi güzəştləri” məsələsini gündəmə gətirmişdi. Ukrayna hökumətinin nümayəndələri isə müxtəlif vaxtlarda bu məsələlərə münasibət bildirərək ərazi güzəştinə hazır olmadıqlarını bildiriblər. Həmçinin, bəyan edilib ki, belə bir qərarın verilməsi üçün ölkədə referendum keçirilməlidir. Təbii ki, Ukrayna xalqının ərazi güzəştinə “hə” deyəcəyi inandırıcı görünmür. Bu arada Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Mario Draqi müzakirələr üçün Kiyevə səfər ediblər. 

Qərbin Rusiya-Ukrayna müharibəsində dəyişən mövqeyini “Şərq”ə təhlil edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib ki, Qərb “yetərli dəstək” göstərdiyini iddia etsə də, Ukraynaya kifayət qədər silah-sursat verilmir. Partiya rəhbəri vurğulayıb ki, hərbi dəstək yetərincə olsaydı, Zelenski hər gün Avropadan silah istəməzdi: 

“Reallıq odur ki, Ukrayna prezidenti Qərb ölkələrindən ehtiyac duyulan raketləri ala bilmədi. Almaniya “dəmir çətir” vermədi. Avropa dövlətləri hava məkanlarını bağlamaqdan imtina etdi. Müharibənin öz qaydaları var. Əgər bir tərəfin məğlubiyyəti açıq-aşkar görünürsə, ərazisi işğal olunursa, müəyyən müddətdən sonra ondan güzəştlərə getmək tələb edilir. Ukrayna ilk gündən buna hazır olmalıydı. Müharibə davam etdikcə, Ukrayna ərazi itirir. Bu isə gələcəkdə daha böyük bədəl ödəmək anlamına gəlir. Bir sıra Qərb ölkələri Ukrayna rus işğalına daha çox məruz qalmasın deyə Kiyevə, konkret Zelenskiyə Moskva ilə danışıqlara getməyi tövsiyə edirlər. Hesab edilir ki, mümkün qədər tez zamanda atəşkəsə gedilməli, masa arxasında danışıqlara başlanmalıdır. Bənzər təşəbbüsləri vaxtı ilə Türkiyə bir neçə dəfə etdi. Əfsuslar olsun ki, Ankaranın prosesdə iştirakına imkan verilmədi”.

Analitikin sözlərinə görə, müharibənin uzanması Qərbin maraqlarına cavab vermir: 

“İqtisadi böhran birtərəfli yox, ikitərəfli olur. Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiyanı iqtisadi baxımdan zəiflətmək, gücdən salmaqdırsa, proses dönüb-dolaşıb Qərb ölkələrini də vurur. Xüsusən Avropa Birliyi ciddi çətinliklərlə üzləşir. Bu hələ başlanğıcdır. 

Nəzərə alaq ki, müharibə Asiyada, Afrikada deyil, Avropanın mərkəzində gedir. Yəni qitə üçün risk böyükdür. Fransa, Almaniya və İtaliya açıq şəkildə narazılığını dilə gətirir və ABŞ-a təzyiq göstərirlər ki, Kiyevə çağırış edilsin. 

Böyük ehtimal, Vaşinqtonun müdaxiləsi ilə Rusiya-Ukrayna arasında atəşkəs elan olunacaq. Nəticə etibarı ilə Kiyev Moskva ilə müzakirələrə daha geridən və uduzmuş obrazda başlamağa məcbur qalacaq”.