Rusiyanın qalib gəlməsi mümkün deyil


Sammitdə qəbul edilən qərarlara uyğun olaraq Ukraynaya bütün sahələrdə dəstək veriləcək


  “ABŞ Rusiyaya qarşı koalisiyanı işlək vəziyyətə gətirib, Kremlin bu müharibədə qalib gəlməsi mümkün deyil”. Bu sözləri “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, sammitdə qəbul edilən qərarlara uyğun olaraq Ukraynaya bütün sahələrdə dəstək veriləcək: “Ukrayna Rusiya üçün yeni Əfqanıstan senarisidir. Bununla Rusiya siyasi-hərbi baxımından deqredasiyaya uğrayacaq. 

Ümumiyyətlə, yeni beynəlxalq münasibətlər sistemi formalaşır. “G7” ölkələri (Böyük yeddilər –red) Rusiyanın Şərqi Avropada, Mərkəzi Asiya və Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi istiqamətində yeni konsepsiya ortaya qoyub. Avropanın təhlükəsizliyi ilə bağlı yeni yanaşma ortaya qoyulur. Ukraynanın qalib gəlməsi üçün bu ölkəyə hərtərəfli dəstək verilməsi, yeni hücum silahları ilə tədarük olunması planlaşdırılır. Ukrayna NATO və Rusiya cəbhə xətti olmaqla yanaşı Rusiyanın geopolitik müstəvidə fövqəldövlət iddiasına son verilməsi üçün əsas pladsdarmdır. Qərb Rusiyanın qarşısından geri çəkilərsə, növbəti hədəf Moldova və Polşa ola bilər. Ona görə də bu müharibədə Qərb sonuna qədər Ukraynanın yanında olacaq”.

  Müsahibimiz vurğulayıb ki, siyasi konfiqurasiyada Azərbaycan və Türkiyə Qərblə tərəfdaşlığa üstünlük verəcək: 

“Türkiyə də yeni siyasi-iqtisadi güc mərkəzi formalaşdırır. Azərbaycanla birgə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirir. Türkiyə, Azərbaycan və Qazaxıstan arasında Bakı bəyannaməsinin imzalanması Rusiyanin hər iki regionda təsirlərini azaldacaq”.