Tehran sammitində gözlənilməz qərarlar çıxacaq

Qardaş Türkiyənin olduğu bir ortamda Azərbaycan üçün narahatlıq yoxdur

  19 iyulda Türkiyə, İran və Rusiya prezidentlərinin Tehranda üçtərəfli sammiti keçiriləcək. Hər 3 dövlətin Cənubi Qafqaz regionu ilə qonşu olması və sammitin Qərbin Rusiya ilə rəqabəti, İranla isə nüvə məsələsi üzrə qarşıdurması şəraitində keçirilməsi bizim üçün görüşün əhəmiyyətini artırır. Bu ölkələr bir neçə regionda rəqib olsalar da, aralarındakı rəqabəti birbaşa yox, proksi qüvvələr vasitəsilə aparırlar. Suriyada İran Rusiya ilə maraqlarını qismən uyğunlaşdıra bilsə də, üç dövlət əsasən rəqib hesab olunurlar. Rəqabətdən əməkdaşlığa keçid üçün 2017-ci ildə Astanada Suriya münaqişəsinin dinc tənzimlənməsinə yönələn danışıqlar baş tutmuşdu. 

Əldə edilən razılaşmalara rəğmən, tərəflər arasında mövcud ziddiyyətlər tam aradan qalxmadı. Münaqişə 12 milyona qədər məcburi köçkün və qaçqın yaradaraq, bir neçə region üçün böyük miqrasiya probleminə səbəb oldu. Astana formatında 2-ci görüş 2021-ci ildə Soçidə keçirildi. Əldə edilən razılaşmalara rəğmən münaqişə hələ də davam edir, tərəflər arasında ziddiyyətlər isə artır. Ziddiyyətlərin münaqişəyə çevrilməməsi üçün 3-cü sammit olduqca əhəmiyyətlidir. Qlobal geosiyasi qarşıdurma şəraitində üç dövlət arasında münaqişənin yaranması ABŞ başda olmaqla Qərb ölkələrinin vəziyyətdən öz maraqları naminə istifadə etməsinə şərait yaradacaq. Ona görə də 3-cü sammit Astana formatına yeni impuls verilməsi kimi qiymətləndirilir. Ekspertlərə görə, hər 3 dövlət müstəqil xarici siyasət yürüdür. Türkiyə NATO üzvü olsa da Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmur. Xarici siyasətini beynəlxalq öhdəliklərini nəzərə alaraq tarazlı şəkildə həyata keçirir. Rusiya və İranın da Türkiyəyə münasibəti Qərbə olan yanaşmadan keyfiyyətcə fərqlənir. 
  Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Tehrana səfəri çərçivəsində İran və Türkiyə ilə siyasi dialoq, ticari-iqtisadi münasibətlər də daxil olmaqla, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılacaq. O qeyd edib ki, Vladimir Putin Tehrana səfəri çərçivəsində iranlı həmkarı İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq, həmçinin İranın Ali Rəhbəri Əli Xameneini ziyarət edəcək: “Əlbəttə, bizim ikitərəfli əlaqələri, ilk növbədə İran və Türkiyə ilə ticari və iqtisadi əlaqələri, bu iki ölkə ilə siyasi dialoqun davam etdirilməsinin perspektivlərini və bütün metodlarını müzakirə etmək fürsətimiz olacaq”. Peskov dövlət başçılarının görüşünün regional və beynəlxalq məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, Tehran sammiti bir çox məsələyə görə xüsusi önəm kəsb edir. Professor deyib ki, Tehran görüşü “Böyük ipək yolu”, yəni Avropaya çıxış probleminin də həlli anlamına gəlir: “Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması çox vacibdir. Bölgədə dayanıqlı sülh, barış və qonşuluq şəraitində yaşamaq məsələsi həllini tapmalıdır. Eyni zamanda bu dövlətlər arasında bir neçə istiqamətdə problemlər var. Rusiya və İran Ermənistanı dəstəklədiyi halda Türkiyə Azərbaycanın yanındadır. Sammitdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin yeni məcraya yönəlməsi prosesi baş verə bilər. Rusiya, Türkiyə və İran təkcə Suriyada deyil, İraqda da ciddi problemlərlə üzləşirlər. Hər üç ölkənin ərəb dünyasında fərqli maraqları, proseslərə fərqli baxışları var. İranla fars körfəzi, Pakistan və Əfqanıstan arasında qarşıdurmalar da göz önündədir. Görünən odur ki, bölgə çox qaynar mərhələyə yaxınlaşır. Sammit qaynar mərhələnin nisbətən sakitləşməsinə səbəb ola bilər. 
  Baydenin Yaxın və Orta Şərqə, Səudiyyə Ərəbistanına səfəri göstərdi ki, İsrail-ABŞ İranın nüvə məsələsində çox ciddidilər. Hətta zəruri halda ordu yeritmək məsələsini belə gündəmə gətirdilər. Bu proseslərdə Türkiyənin rolu çox mühümdür. Türkiyə NATO üzvü kimi həm Rusiya ilə münasibətlərdə, həm də Ukrayna məsələsində öz mövqeyini açıq ortaya qoyur. Ankara hökuməti Rusiyanın tam blokadaya alınmasının əleyhinədir. İran da 40 ildən çoxdur iqtisadi blokada vəziyyətindədir. Təbii ki, burada molla rejiminin yeritdiyi səhv siyasət də əsaslı səbəblərdəndir. İran iqtisadi cəhətdən iflas həddindədir. Üç ölkənin sammitində iqtisadi məsələlərin də ön planda olacağı şübhəsizdir”.
  C.Nuriyevə görə, üçlü görüşdə Zəngəzur dəhlizinin və alternativ marşrutların açılması ilə bağlı müzakirələr davam etdiriləcək: “İran ərazisindən kommunikasiya xəttinin keçirilməsində Azərbaycan da maraqlıdır. Yaxın gələcəkdə Azərbaycan bir növ Aralıq dənizinə, Hind okeanına açılan “tranzit qapı” statusunda olacaq. Keçən yüklərin sayı o qədər çox olacaq ki, Azərbaycan təkcə İrandan deyil, Zəngəzurdan keçən dəhlizdən də istifadə edəcək. İranla Türkiyə arasında PKK və Yaxın Şərqlə bağlı problemlərin həlli də masaya yatırılacaq. Tehranla bir çox məsələdə fikir ayrılıqları var. İstənilən halda sammit hər üç ölkə, o cümlədən region üçün əhəmiyyətlidir. Əlbəttə, İran və Rusiyanın Azərbaycanın maraqlarına cavab verməyən davranışları mümkündür. Ancaq qardaş Türkiyənin olduğu bir ortamda bizim üçün narahatlıq yoxdur. Ankara bütün platformalarda rəsmi Bakının da maraqlarını müdafiə edir”.