Bahalaşma ən çox Vaşinqtonu sarsıdıb


ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmaqla Kremldən də qarşılıq gözləyir

  Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlar ABŞ-ın sanksiyalar siyahısından çıxarılıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya ilə bağlı bir neçə xarici maliyyə institutlarına əsas lisenziya verib. Ekspertlərin fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin aradan qaldırılması iqtisadi maraqlara söykənir. 

Buna rəğmən, hesab edilir ki, ABŞ-ın bu addımı Rusiyanın gözündə “geri çəkilmə” kimi dəyərləndiriləcək. Ağ Ev bundan sonrakı proseslərdə Kremlin əlinin uzanmasına şərait yaratmış olacaq. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, ABŞ-ın “yumşalması” Rusiyaya sətiraltı “jest” kimi dəyərləndirilə bilər. Ekspertə görə, görünür, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların dünya bazarlarında yanacaq, ərzaq və gübrənin qiymətini bahalaşdırması daha çox ABŞ-ı sarsıdır: 

“ABŞ kənd təsərrüfatı, dərman məhsulları və tibbi avadanlıqlarla bağlı müəyyən növ əməliyyatlara icazə verməklə Rusiyadan da qarşılıq gözləyir. Rusiya bu qarşılığı vermək məcburiyyətindədir. Çünki İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qara dəniz limanlarında Moskvanın blokadasında qalan taxılın bazarlara çıxarılmasına dair razılıq əldə edilib. Amerika bununla hədəfləyir ki, özünə qarşı yaranan iqtisadi təzyiqləri azaltsın, qlobal hegemonluqda üzərinə çəkdiyi humanitar pərdənin cırılmasına imkan verməsin. Ümumilikdə Qərbdə Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələləri müzakirə mövzusudur. Artıq Avropa İttifaqı da Rusiyanın 40-a yaxın şəxsinin adının qara siyahıdan çıxarılmasına razılıq vermək niyyətindədir. Bunlar proseslərin arxasında gizli əl sıxışmalarının baş verdiyinin nişanəsidir və məsələyə siyasi cəhətlərlə baxışı gündəmə daşıyır. Nəzərə almaq lazımdır ki, Ukrayna “HİMARS” sistemləri ilə Rusiyanın işğal etdiyi əraziləri atəşə məruz qoysa da, müharibənin gedişatında Kiyevin xeyrinə nəticə əldə edilməyib. Əksinə, Rusiya daha da qəzəblənərək, artilleriya və raket hücumlarını genişləndirib. Bir az da irəli gedərək geosiyasi təkəbbürünün dozasını artırıb. 
  Görünür, Qərbin Rusiya ilə bağlı hərbi-siyasi həmlələri effektiv deyil. Ukraynanın silahlandırılması da Kiyevə üstünlük qazandırmır. Ona görə ki, Qərb daha güclü silahlarını Ukraynaya verməkdən yayınır. Qərb özünü odun-alovun içərisinə atmadan müharibədən qazanclı çıxmaq istəyirdi. Lakin özü iqtisadi zərbələr aldıqca, siyasətini Rusiyaya tərəf dəyişmək məcburiyyətini dərk edir”.

  A.Kərimov deyib ki, Rusiyanın da Qərbdən istəyi var:

 “Moskva NATO-nun Ukraynadakı münaqişəyə qarışmamasını tələb edir. Bu, Moskvaya qarşı əks qütbdə dayanan qüvvələr üçün uduzmaq deməkdir. Qərblə Rusiya Ukrayna mövzusunda ortaq məxrəcə gəlməyə məcburdur və cari vəziyyət Rusiyanın danışıqlarda üstünlüyünü çoxaldır. Qarşıdan soyuq aylar gəlir, müharibənin payız və qışa qədər uzanması Qərbə sərf etmir, Rusiyanın isə enerjisini çoxaldır. Rusiya enerji sektorundakı hökmranlığına paralel olaraq süni taxıl böhranı yaradır və bu rıçaqı əlindən buraxmayacaq. İstanbuldakı danışıqlarda əldə edilən razılaşmalar müvəqqəti xarakter daşıyacaq. Rusiya bu iqtisadi aləti əlində saxlamaq üçün Ukraynanın cənubunda, Qara dəniz limanlarında müdafiəsini gücləndirməklə möhkəmlənməyə davam edəcək. Əminlik yaranır ki, Rusiya ilə Qərb arasındakı məxfi təmaslar davam edir. Tərəflər razılığa doğru sürüklənir. Amma yekun sövdələşmə əldə olunana qədər müharibə öz şiddətini göstərəcək”.