Rusiya və Çinlə əməkdaşlıq risklər yaradır

Braziliya, Hindistan Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcək

  Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (BRİCS) illik sammiti videoformat çərçivəsində həyata keçirilib. Sammitə Çin sədrlik edib. Bundan əvvəlki sədr Hindistan idi. Videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıblar. Yəni liderlər bir-birini eşitməkdə çətinlik çəkiblər. Tərçüməçilərin səslərini eştimək mümkün olmayıb. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb. 

Ümumiyyətlə, Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamayıb. BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər. 

  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, “BRİCS” təşkilatının iki əsas üzvü - Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Analitikə görə, digər tərəfdən Hindistanın Çinlə sərhəd problemi var. Buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risk etmir:

 “Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Rusiya və Çindən fərqli olaraq Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. 

“BRİCS” sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcək. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdular. 

Rusiya “BRİCS”ə yeni üzvlər qoşmağa cəlb etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir”.