Əsəd Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir

Proses ondan xəbər verir ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyib

  Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır. Bəşər Əsədə bağlı Suriya ordusu Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməyə başlayıb. Əsəd rejiminə bağlı qüvvələr kürd terrorçularla birlikdə hərəkət edirlər. Aydın məsələdir ki, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil. 

Xüsusilə də burada diqqətçəkən ən vacib məqam bu prosesin məhz Astana üçlüyünün Tehran sammiti sonrası baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazların başlaması paytaxt Bağdadda Türkiyə Mədəniyyət Mərkəzindəki türk bayrağının endirilməsi kimi hadisələrdə diqqət çəkmişdi. Hər iki proses ondan xəbər verir ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyib. Bunu təsdiqləyən digər bir fakt da son günlər Rusiyanın Suriyadakı hərbi kontingentini artırmasıdır. Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterlərinin patrul xidməti aparması da vacib nüanslardadır. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, Tehran sammitində Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyib. Aydın məsələdir ki, rəsmi Tehran Ankaranın bir müddətdir anonsunu verdiyi Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır: 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali dini lider Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. İran Ali dini lideri Xamenei görüş zamanı Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq” dedi.

 Onun bu açıqlamasından sonra əvvəl İraqda Zaho insidenti və antitürkiyə aksiyaları keçirildi, indi isə İranın da dəstəklədiyi Əsəd Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir. Hər iki hadisə  proseslərin pərdə arxasında İranın olduğunu göstərir. İran Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiteror əməliyyatlarından çəkindirməyə çalışır. Yəni antiterror əməliyyatları başlasa Türkiyənin qarşısında terroristlər deyil, Suriya ordusu olacaq mesajı verilməyə çalışılır”. 

  Analitikə görə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır:

 “Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil. Rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. 

Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin ehtimal Əsəd qüvvələri ilə toqquşması prosesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə kontekstinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Ehtimal ki, Ankara belə bir senaridən yayınmağa çalışacaq. 

Proses bu senari üzrə cərəyan etsə, bu zaman Kremlin prosesə müdaxiləsi qaçılmazdı. Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa, bu onun hakimiyyətinin sonu deməkdir”.