Ərdoğan Putini razılığa gətirəcək

Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması məsələsinə Kreml yaşıl işıq yandıracaq

  Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşəcək. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, liderlər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər. Yerxov əlavə edib ki, görüşün mövzularını prezidentlər özləri müəyyən edəcək. 

  Liderlərin gözlənilən görüşü ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, iyulun 19-da Suriya məsələsi üzrə Tehranda keçirilən konfranda tərəflər razılığa gələ bilmədi. Analitikə görə, xüsusilə, Türkiyənin Suriyanın şimal-şərqində PKK-YPG terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirməsinə Rusiya və İran razılıq vermədi:

 “Ötən gün Ərdoğan bir daha Rusiya və İrana mesajlar verərək Ankaranın hərbi əməliyyatları keçirəcəyini qeyd etdi. Türkiyə anti-terror əməliyyatını keçirmək üçün ilk növbədə Rusiyanın razılığını almağa çalışır. İranın mövqeyinə gəldikdə, Türkiyə üçün bu, əhəmiyyətli deyil. Kremllə Ankara razılaşdıqdan sonra Tehran geri çəkiləcək. Ona görə də Tehranda razılığın əldə edilməməsi, Türkiyənin birbaşa Rusiya ilə danışıqlar aparmasını şərtləndirdi. Türkiyə prezidentinin Soçidə Putinlə aparacağı danışıqlarda razılığın əldə olunması gözlənilir. Moskvaya qarşı Qərb koalisiyasının formalaşması, sanksiyaların tətbiqi Kremlin Ankara ilə əlaqələrini pozmamasına gətirib çıxarır. Ona görə də bu əməliyyata Putinin razılıq verməsi mümkündür. Ərdoğan Moskvaya getməyə, Putin Tehran danışıqlarında razılıq verə bilərdi. Amma Putinə qarşı sanksiyalar fonunda, onun Ərdoğanı Kremldə qarşılaması və razılaşma əldə etməsi Putin üçün hava-su kimi lazımdır. Bu, ilk növbədə daxili auditoriya, həmçinin Qərb üçün bir göstəri olacaq” . 

  Ekspertin fikrincə, avqustun 5-dən sonra Türkiyə ordusunun hərbi əməliyyatlara başlaması mümkündür:

 “Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsələsində Ərdoğan da Putinə güzəştə getsin. Görüşdə Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması müzakirə olunacaq. Danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar başlaya bilər. 

Putin Ərdoğan vasitəsilə Ukrayna Prezidenti V.Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynanın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi Rusiyanın danışıqlara başlamasına sövq edir.

 Digər məsələ isə Ermənistan-Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Cənab Ərdoğan silahlı erməni hərbi birləşmələrinin tam  çıxarılmasını Moskva ilə razılaşdıracaq. Bundan əlavə, danışıqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi-texniki əməkdaşlıq müzakirə olunacaq. 

Bu görüş regionda ümumi geo-siyasi situasiyanın formalaşmasına təsir edəcək”.