Bu, siyasətçilərə qarşı fiziki terror mərhələsi hesab edilə bilər
"Duqin ailəsinə qarşı törədilən terror Rusiyada ictimai xof yaratmaqdan tutmuş, Rusiya hərbi-
siyasi elitasına xəbərdarlıq məqsədi daşıyır"
Rusiyalı siyasi analitik və ictimai xadim Aleksandr Duqinə qarşı sui-qəsd hazırlanıb. Prezident
Vladimir Putinin ideoloqu sayılan Duqin sui-qəsddən sağ çıxmağı bacarsa da, qızı Darya Duqina
həyatını itirib. Hədəf Duqin olsa da öz avtomobilindən son anda istifadə etməməsi onun sağ
qalması ilə nəticələnb. Hücuma görə məsuliyyəti Rusiyada fəaliyyət göstərən “Milli Respublika
Ordusu” öz üzərinə götürüb. Qruplaşma öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı
müharibə elan etdiklərini açıqlayıb. Bildirilib ki, “Milli Respublika Ordusu” ölkədə
müxaliflərdən ibarət hərbi birləşmə kimi fəaliyyət göstərir və Rusiya bəzi silahlı hücumlar təşkil
edib. Festival iştirakçısı Peter Lundstrem bildirib ki, Duqinin qızı ilə Moskvaya öz şəxsi
avtomobili ilə getməsi gözlənildiyi halda, o, maşınını qızına verib və başqa nəqliyyat vasitəsilə
Moskvaya qayıdıb. Məlumat üçün bildirək ki, 30 yaşlı Darya Duqina Rusiyanın nəzarətində olan
Ukraynanın Mariupol şəhərinə də getmiş və araşdırmalar aparmışdı. İngiltərə Xarici İşlər
Nazirliyi onu iyulun əvvəlində sanksiya tətbiq edilən şəxslər siyahısına salmışdı.
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, hibrid müharibələrdə yeni mərhələ başladılıb.
Deputatın sözlərinə görə, bu, siyasətçilərə qarşı fiziki terror mərhələsi hesab edilə bilər:
“Moskvada törədilən terror aktı buna nümunədir. Duqin ailəsinə qarşı törədilən terror Rusiyada
ictimai xof yaratmaqdan tutmuş, Rusiya hərbi-siyasi elitasına xəbərdarlıq məqsədi daşıyır.
Yaxud məqsəd xüsusi xidmət orqanlarının zəifliyinin ortaya çıxarılması da ola bilər. Müxtəlif
versiyalar üzərində düşünmək olar. Lakin Türkiyə və Azərbaycanın maraqları kontekstində
müəyyən proqnoz və versiyalar irəli sürmək zərurəti yaranır. Hər şeydən öncə qeyd etmək
lazımdır ki, Aleksandr Duqin Rusiya siyasi mətbəxinin bilicilərindən biri olmaqla bərabər, həm
də onu zənginləşdirən isimlərdəndir. Onun iki mühüm kitabı “Geosiyasətin əsasları və Rusiyanın
geosiyasi gələcəyi” və “Çoxqütblü dünya nəzəriyyəsi” adlı kitabları az qala hər bir rus siyasətçisi
və diplomatının stolüstü kitabı idi. Hətta Kremlin rəsmi xarici siyasətinin formalaşmasında onun
düşüncə və fikirlərinin xeyli dərəcədə təsirli olduğu bilinən həqiqətdir. Duqinin Türkiyə və
Azərbaycan barədə nə düşündüyü əlbəttə bizim üçün də maraqlı olmaya bilməz. Üstəlik, əgər bu
nəzəriyyəçi alim həm də “Nursultan Nazarbayevin Avrasiyaçılıq missiyası” adlı kitabının
müəllifidirsə. İkinci əsas məsələ Duqinin çoxqütblü dünya nizamının tərəfdarı olması və bunu
təbliğ etməsidir. Qütblərdən biri kimi Rusiya-Türkiyə tandemini görməsidir. Deməli, bu terrorun
hədəflərindən biri də Türkiyə-Rusiya əməkdaşlığıdır. Bardağı daşıran son damla isə sonuncu
Soçi görüşü ola bilər. Çünki Tehranda yarımçıq qalan məsələlər Soçidə 4 saat müzakirə edildi.
Görəsən, Türkiyə ilə Rusiyanın yaxınlaşmasından ən çox hansı ölkə narahatdır və bu
yaxınlaşmanın acı nəticələrini öz üzərində əyani şəkildə hiss edir? Deməli, Duqin ailəsinə qarşı
törədilən terror aktında mütləq erməni izi də axtarmaq lazımdır. Ukraynanın erməniəsilli keçmiş
daxili işlər nazirinin təsiri altında olan qruplaşmalar, yaxud Rusiya xüsusi xidmət orqanlarında
müəyyən təsir imkanları olan erməni əsilli vətəndaşların vasitəçiliyi ilə bu terror törədilə bilər.
Biz terrorun bütün təzahür formalarını qınayırıq”.