Slovakiyanın hava məkanını Polşa və Çexiya qoruyacaq

Slovakiya ordusu sovet istehsalı olan MİQ-29 təyyarələrini arsenalından çıxardığı üçün bu ölkənin hava məkanını Polşa və Çexiya qoruyacaq.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Slovakiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hava məkanının qorunmasına dair üçtərəfli müqaviləni Slovakiya, Polşa və Çexiyanın müdafiə nazirləri imzalayıb. Sənəd sentyabrən 1-də qüvvəyə minəcək. Həmin tarixdən Slovakiya HHQ MİQ-29 təyyarələrinin istismarını dayandıracaq.

Slovakiyanın Müdafiə Nazirliyi bildirib ki, sözügedən təyyarələrin təmiri həddən artıq baha başa gəlir. Eyni zamanda rusiyalı mühəndislər də tədricən ölkəni tərk edirlər.

Slovakiya 2018-ci ildə ABŞ istehsalı olan F-16 təyyarələrinin alınmasına dair müqavilə imzalayıb. Müqavilə üzrə ilk partiya təyyarələr 2024-cü ildə təhvil veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Slovakiyanın sovet istehsalı olan təyyarələri Ukraynaya verəcəyi barədə xəbər yayılsa da, müdafiə nazirliyi bunu təkzib etmişdi.