Pakistanda daha 119 nəfər daşqınların qurbanı olub -  YENİLƏNİB

Pakistanda son sutkada daha 119 nəfər daşqınların qurbanı olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistan Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Bundan əvvəl iyunun ortalarından indiyə qədər sel və daşqınların ölkədə 937 nəfərin ölümünə səbəb olduğu açıqlanmışdı.

Daşqın və subasmalara səbəb musson yağışlardır. Pakistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

***

27 avqust, saat 21.43

İyundan bəri Pakistanda musson yağışları mövsümü mindən çox adamın ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə “Figaro” Pakistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb. Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib.

Rəsmi statistikaya görə, hər 7 pakistanlıdan biri bu musson mövsümündən əziyyət çəkib. Sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir.