Xameneinin adı “qara lentlərdə”!  -  “Hakimiyyət daxilində boşluq...”


Sədrəddin  Soltan:“İranda SEPAH-dan güclü qüvvə yoxdur və köklü  dəyişiklik mümkün deyil. Ekspertlər  Şurası Xamneiçilərdən ibarətdir”.”

Aqşin Kərimov: “İsrail isə ABŞ-ın fürsətlər pəncərəsini özünün aktivinə qataraq İran barədə daha təhlükəli ssenarilər düşünür”


Ayətullah Xamneinin ölümü ilə bağlı heç bir ciddi mənbədə məlumat yoxdur. O  hakimiyyətə gəldiyi gündən bu tip xəbərlər yayılmaqdadır”.
Bunu “Sherg.az”a açıqlamasında  siyasi şərhçi Sədrəddin Soltan Xamneinin dünyasını dəyişməsi iddiaları ilə bağlı danışarkən deyib.
  Politoloq bildirib ki,Xamneinin  yayılan rəsimlərinin 2018 -ci ildəki əməliyyat zamanı çəkildiyini düşünür:

   “İran mediası liderin dünən idmançılarla görüşdüyünü və ölkənin inkişafına dair çıxış etdiyini yayıblar. Xamenei 1980-ci ildə terrora məruz qalanlardandır . Bu tip xəbərlər isə tez-tez tirajlanır. Ötən illərdə də belə bir xəbər yayıldı. Lakin sonra məlum oldu ki,o prostat əməliyyatı keçiribmiş. Digər tərəfdən isə İranda hakimiyyətin dəyişməsi normaldır. Rəsmi Tehranda İnqilab Keşikçiləri Qvardiyası rəsmi  gücdür və  onlar Xameneiləri dəstəkləyirlər. Əgər Ayətullah Xamenei ölsə, onun yerinə oğlu Müçtəba Xamneinin hakimiyyətə gəlməyə hazır olduğu düşünülür. İrandakı elita hələ də 1979-cu il inqilabının kursundan dönməyib. Bu ölkədə SEPAH-dan güclü qüvvə yoxdur və köklü  dəyişiklik mümkün deyil. Ekspertlər  Şurası Xamneiçilərdən ibarətdir”.

 Ekspert bildirib ki, güneyli soydaşlarımıza “ Bütöv Azərbaycan üçün birlik zamanıdır”çağırışını edənlər avantüra və cəfəngiyyatla məşğul olurlar:

  “Xamneinin ölməsinin güneyli soydaşlarımız üçün heç bir fərqi yoxdur.Bu onların daxili məsələsidir. O gedəcək yerinə başqası gələcək. Azərbaycan türklərinin İranda hakimiyyətə gəlməsi mümkün görünmür. Bu tip yalan fikirlər insanları düz yolundan döndərir. Bu tip cəfəng  şüarlar Azərbaycan milli hərəkatına qarşı müxtəlif böhtanlara və şantajlara yol açır”.

Siyasi şərhçi Aqşin Kərimov da diqqətə çatdırıb ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin ölüm xəbəri yayılıb, rəsmi Tehrandan isə məlumatları təsdiqləyən heç bir bəyanat səslənməyib. O bildirib ki, Xameneinin təsdiqlənməmiş “vəfatına” İran hakimiyyəti daxilində ali lider uğrunda mübarizənin qızışmasının göstəricisi prizmasından yanaşmaq olar:

 "İddialar sonrakı daxili çəkişmələrin şiddətlənməsinə yol açan mayak kimidir. Artıq İran siyasi elitasında Xameneinin xələfinin kim olacağına dair qızğın rəqabət getdiyi görünür. Bu, ali liderin kürsüsünə göz dikən dairələrin bəlkə də bilərəkdən ortaya atdığı iddialardır. İnformasiya axınlarında ötən gündən Xameneinin adının “qara lentlərdə” çəkilməsi, İranda hakimiyyət daxilində boşluq yaranmasının əlamətləri kimi xarakterizə edilməsinə şərait yaradır.  
İstənilən halda, Seyid Əli Xameneinin yerinə gələ biləcək şəxsin kim olacağı beyinlərdə dolanan suallardır. Mübarizənin tərəfləri Prezident İbrahim Rəisi və Seyid Əli Xameneinin oğlu Müctəba Xameneidir. Ali kürsünü təhvil almaq Müctəba üçün hüquqi cəhətdən çətinliklər yaradır. Çünki Müctəba ayətullah deyil, bu mənada onun ali lider titulunu atasından texniki cəhətdən miras alması çətinləşir. Ancaq ortada başqa bir presedent mövcuddur və Müctəba həmin presdenti əldə bayraq tutaraq ali rəhbərlik səviyyəsinə qalxa bilər. 
Belə ki, 1989-cu ildə İran İslam İnqilabın lideri Ruhulla Xomeyni vəfat edəndə, onun kürəkəni Seyid Əli Xamenei ayətullah deyildi, Ekspertlər Şurası ayətullah statusu verdikdən sonra, o, ali məqamlı rəhbər postuna gəlmişdi. Müctəba və tərəfdarfarları həmin presedentdən yapışsa İbrahim Rəisi Müçtəbanın ali lider olmasına maneələr yarada bilər. Hərçənd ki, SEPAH-ın da proseslərdə iştirakı həlledici təsirlər yaradacaq. Elə Ekspertlər Şurasının da Müctəbaya sərmayə qoyduğu haqqında məlumatlar var".

Analitik qeyd edib ki, Xameneinin ölümü hakimiyyət daxilindəki ssenarilərin mətnini “oxumağa” imkan verir:

"Bu ssenarilər bir neçə istiqamətdə inkişaf edə bilər. Birincisi Ekspertlər Şurası növbəti lider seçsə də, prosesin yekunlaşması aylar, hətta illər çəkə bilər. İkincisi Müctəba ilə Rəisi danışıqlar yolu ilə ali rəhbərlik səlahiyyətlərinin bölüşdürülməsinə nail ola bilərlər, yəni kompromislə hüquqi varis Müctəba olsa da, Rəisi də faktiki üstünlüklər qazanmaq imkanına malikdir. Üçüncüsü,  SEPAH pərdəarxasında fəaliyyət göstərməkdən yorulsa və səbri daşsa, İranda hakimiyyəti tam ələ ala bilər. Bunun üçün onun  həm ordu, həm iqtisadi, həm də siyasi resursu var. Xameneinin xərçəngdən ölümü barədə məlumatlar İranla Qərbin nüvə danışıqlarının dalana dirənməsi və müzakirələrin faydasız olacağına dair işartıların bərq vurduğu zamanda İslam Respublikası rejiminin beynəlxalq aləmdə onsuz da zədələnmiş nüfuzuna əlavə problemlər yükləyir.  Çünki İran daxili qarışıqlıq dövrünə qədəm qoyduqca, ABŞ ölkədəki demokratik hərəkatı alovlandıran planları dövriyyəyə salmaq üçün fürsətləri yenidən nəzərdən keçirir. İsrail isə ABŞ-ın fürsətlər pəncərəsini özünün aktivinə qataraq İran barədə daha təhlükəli ssenarilər düşünür. İranın özünün də oturuşmuş dövlət ənənələri olsa da, ölkədə tüğyan edən bahalaşma, sosial problemlər fonunda xarici müdaxilələrə hansı səviyyədə duruş gətirəcəyini söyləmək çətindir".