Yunanıstan Türkiyənin qarşısında dayana bilməz

Afinanın Ankaraya qarşı təxribat cəhdlərinin arxasında Qərb dayanır

  Türkiyə ilə Yunanıstan arasında illərdir davam edən gərginlik səngimək bilmir. Son günlər iki ölkənin döyüş təyyarələri arasında Egey və Şərqi Aralıq dənizində yaşanan hadisələr diplomatik böhranı pik həddə çatdırıb. Türkiyə Yunanıstanı Krit adasında yerləşdirilmiş F-16 döyüş təyyarələrini təqib etməkdə ittiham edir. Yunanıstan isə Ankaranı hava məkanını pozmaqda günahlandırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana hər an zərbə endirilə biləcəyinin mümkünlüyü barədə xəbərdarlıq edib. Ərdoğan bildirib ki, Türkiyə “Yunanıstan təxribatları” mövzusunu NATO səviyyəsində də qaldırıb: "Düşünürəm ki, Afina Türkiyə ilə münasibətlərdə gələcək addımları təhlil edəcək.

Əks halda, dediyim kimi, hər an zərbə endirilə bilər". Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstana xəbərdarlıq edib. Nazir deyib ki, Afina kimsənin maşası olmamalıdır: "Türkiyənin dostluğu qədim olduğu kimi, mübarizəsi də əhəmiyyətlidir”. Məlumat üçün bildirək ki, NATO müttəfiqləri - Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə həddinə çatıblar. Gərginliyin yeni mərhələsi Yunanıstanın Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ilə başlayıb. Yunanıstan Türkiyəni S-300 hava hücumundan müdafiə sistemləri ilə təhdid etməkdədir. 
  İki ölkəni üz-üzə qoyan səbəblərdən biri “12 ada”dır. Egey dənizinin cənub-şərqində "12 ada" olaraq bilinən, əslində sayı 12-dən çox olan bu adalar 20-ci əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub. Türkiyə-İtaliya müharibəsində imzalanan müqaviləyə əsasən italyanlar işğal etdikləri 12 adanı geri qaytarmalıydı. Lakin 12 adanın statusu İkinci Dünya müharibəsinin sonunda qalib tərəf olaraq Yunanıstana verildi. Yarım əsrdən çoxdur ki, Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. 

  İki ölkə arasındakı qarşıdurmanı "Şərq"ə təhlil edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Yunanıstan və Türkiyə hərbi sahədə müqayisə olunmayacaq dərəcədə fərqli ölkələrdir. Analitik bildirib ki, Türkiyənin müdafiə sənayesi nazirliyi sürətlə inkişaf etməkdədir: 

"Yunanıstan 10 ildən artıqdır ki, iqtisadi-siyasi böhranlardan əziyyət çəkir. Digər yandan ölkədə son 5 ay ərzində  ABŞ hərbi bazasının qurulması onu göstərir ki, Yunanıstanın özünün hərbi potensialı yüksək deyil. Afinanın Türkiyəyə qarşı təxribat cəhdlərinin, təhdidlərinin arxasında Qərb dayanır. Qərbin Türkiyəyə qarşı birbaşa, yəni arada vasitəçi olmadan təxribata əl atması mümkün olmadığına görə, bunu Yunanıstan kimi əlaltı dövlətlər vasitəsi ilə həyata keçirirlər. Ancaq nəzərə almaq lazımdır ki, Yunanıstan nə hərbi dəniz qüvvələri, nə quru qoşunları, nə də hava hücumundan müdafiəyə görə Türkiyə ilə müqayisə oluna bilər".

  Ekspert vurğulayıb ki, "12 adalar" məsələsi tərəflər arasında ziddiyyətli məqamlardandır:

 "Həmin adalar Türkiyəyə təxminən 2, 2.5 kilometr məsafədədir. Dövlətlərarası dəniz sərhədləri millə təyin edilir. Yunanıstan 6 mil olan dəniz məsafəsini 10-12 milə qaldırmaq istəyir. Türkiyə isə haqlı olaraq buna qarşı çıxır. Afina hökuməti zaman-zaman "12 adalar" məsələsini gündəmə gətirərək tərəflər arasında gərginliyi saxlamağa çalışır. Lakin bir daha deyirəm, bu gərginlik sadəcə Yunanıstanın maraqlarına xidmət etmir. Afinaya açıq və gizli dəstək verən Qərb ölkələrinin də burada maraqları var. Türkiyənin Aralıq dənizində böyük qaz yataqları tapması da Qərbdə ciddi narahatlıq doğurur. Konkret olaraq Türkiyənin bu istiqamətdə irəliləməsini istəmir və buna mane olmaq üçün əllərindən gələni edirlər. Şimali Kiprin Türkiyə tərəfindən qorunması və himayə edilməsi də həmin dairələrin narahatlığına səbəb olan məsələdir".