Sərt açıqlama: “Xomeyni hökm verib: “Milləti qırın!”

Əhməd Obalı: “İndi nə hökumət, nə də etirazçılar geri addım atmaq istəyir”

“Hazırda Avropa və Amerikanın İrandakı hadisələrə fiziki olaraq müdaxilə etmə ehtimalı da demək olar ki, yoxdur”

“Hakimiyyət də istədiyi zaman milləti qırıb, zülmünü edir, öz sözünü yeridir”


İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər on səkkiz gündür ki, davam edir. Tələbələrin İslam Cəmiyyəti Birliyindən verilən məlumata görə, Təbriz, "Əmirkəbir” texnologiya universiteti, İsfahan Texnoloji, “Təribat Mədərəs” universiteti, Bircend, Urmiyə, “Əllamə Təbatəbai” universiteti, “Bender Abbas Sağlamlıq Elmləri” və “Zehra Universiteti” kimi bir çox universitetin tələbələri müxtəlif nümayişlər təşkil ediblər.

Tələbələr hökumət əleyhinə şüarlar səsləndirərək, saxlanılanların tezliklə azadlığa buraxılmasını tələb ediblər. Bəzi universitetlərdə fakültə üzvləri də tələbələrin etirazlarını dəstəkləyərək, saxlanılan tələbələrin azadlığa buraxılmasını tələb ediblər. Son günlər ölkədə internetin şəbəkəsinin bağlanması səbəbindən həbslərin sayı və tutulanların kimliyi barədə hələ də dəqiq məlumat yoxdur.

GünAz TV rəhbəri, siyasi şərhçi Əhməd Obalı İrandakı son hadisələrlə bağlı “Sherg.az”a danışarkən bildirib ki, ölkədə aksiyalar səngimir və Xomeyni dünən millətin daha çox qanın tökülməsi üçün hökm verib: 

“O, İrandakı etirazların səbəblərini başqa ölkələrə bağlayıb və polisin heç bir günahı olmadığını deyib. Bu o deməkdir ki, milləti qırın. İndi nə hökumət, nə də etirazçılar geri addım atmaq istəyir. Mövcud hakimiyyət millətin narazılığından hansısa nəticə çıxara biləcək, yeni islahatlar həyata keçirəcək demək çətindir. 

İndi həm Xomeyninin həm də digər səlahiyyətli şəxslərin reaksiyaları göstərir ki, İran rejimi heç bir nöqtədə geri oturmaq istəmir. Bunun səbəbi isə ideologiyaya dayanmış hakimiyyətdir. Belə hakimiyyətlər özləri istəmədən bir məhdudiyyət yaradırlar. Məsəl üçün, İran dövləti iki ideologiyaya dayanan bir hakimiyyət qurub. Birinci farsçılıqdır. 

Buna görə İranda ancaq farsların hüquqları ola bilər. Etnik baxımdan burda yaşayan digər millətlər heç bir hüquqa sahib deyillər. Əgər onlara hüquq verirlərsə, artıq farsçılıq ideologiyası tənəzzülə doğru gedəcək. Bunu  istəmirlər. İslamçılıq ideologiyasını isə ikinci ideologiya kimi qəbul ediblər. İslamda da qadınlar üçün müəyyən məhdudiyyətlər var.  İndiki dövrdə qadınlar bunu haqsızlıq sayır. İndi 1400 il bundan öncəki dövr deyil ki, qadınlara nəyisə güclə qəbul etdirəsən. İslam qanunlarına dayandıqlarına, özlərinə islam dövləti dediklərinə görə bu yöndə də islahatlar apara bilmirlər. 

Bu rejim yenə də heç nə əldə edə bilməyəcək, etirazçıların adını iğtişaşçı qoyacaq. Məmləkətin içində 42 ildə yaranmış böhranı aradan qaldırmaq üçün çalışmayacaq. Ölkə daxilindəki etirazları xarici qüvvələrə bağlamaqla aranı sakitləşdirəcək.  Hazırda Avropa və Amerikanın İrandakı hadisələrə fiziki olaraq müdaxilə etmə ehtimalı da demək olar ki, yoxdur. Əslində bunun üçün hələki. İranın topu, tankı, tüfəngi öz əlindədir. 

İstədiyi zaman milləti qırıb, zülmünü edir, öz sözünü yeridir. Xarici ölkələr də hadisələri bir ay sonra yaddan çıxarırlar və o yenə öz zülmünə davam edir. Amerika və Qərb ölkələri indi İrana yalnız sanksiyalarla təsir edə bilərlər. Hətta bu yolda lazım olsa, həssas nüvə mərkəzlərini vurub dağıda bilərlər. Belə olsa, bəlkə içəridən xalq da daha çox ayağa qalxıb mövcud hakimiyyəti devirə bilər”.