Artıq bir neçə ildir ki, ölkəmizdə dünyada olduğu kimi kurikulum sistemi mövcuddur. Bəs Azərbaycanda nə dərəcədə kurikulum sistemindən istifadə edilir?
Bu barədə "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkədə kurikulum sistemi 2008-2009-cu ildən etibarən tətbiq olunmağa başlayıb:
"Təəssüfləndirici məqam odur ki, kurikulum sistemi konkret olaraq üç istiqamətli kadr hazırlığını həyata keçirmədən tətbiq olundu. Bu isə təbii ki, özlüyündə müəyyən fəsadlarla nəticələnir. Çünki təhsil verənlər sistemə bələd deyildilər və onlar müəyyən dövr ərzində təlim keçməli, kurikulum sistemi barədə ümumi informasiyaya sahib olmalı və ondan sonra tədricən təhsil alanlara bu təhsil sistemi əsasında dərslərin tədrisini həyata keçirməli idilər. Amma təəssüf ki, bu olmadı. Yalnız müəyyən dövr ərzində bəzi müəllimlər təlimlərdə iştirak etməklə bu bilik və bacarıqları özlərində formalaşdıra bildilər. Bu gün Azərbaycanda 150-160 minə yaxın müəllim varsa, onun içərisindən kurikulumla bağlı biliyi olan 15-20 müəllim müəyyənləşdirə bilərik. Qalanları isə prosesə ənənəvi qaydada öyrəşiblər və onlar ənənəvi qaydada təhsil prosesində iştirak edirlər. Amma bununla paralel əlbəttə ki, müvafiq tədris proqramı kurikulum sistemində olduğu üçün onlar məcburən də olsa, bu proqram əsasında dərsləri həyata keçirirlər".
Ekspertin sözlərinə görə, elə təhsil müəssisələri var ki, hələ də kurikulumla paralel olaraq ənənəvi qaydadan istifadə olunur:
"Bu da bir o qədər doğru deyil, çünki buraxılış, blok və digər imtahanlar kurikulumla keçirilir. Şagirdlər çaşqınlıq içərisində qalmamaları üçün vacibdir ki, bütün proses kurikulum əsasında olsun. Kurikuluma əməl olunmayan hallar mövcuddur. Ümumi kurikulum qaydaları o halda tam tətbiq oluna bilər ki, bütün təhsil verənlər kurikulum təhsil proqramına tam bələd olsunlar. 2008-2009-cu illərdən etibarən kurikulum əsasında təhsil alan şəxslər 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul oldular. Onların içərisində də pedoqoji yönümlü ixtisaslarda təhsil alanlar 2023-cü ildə məzun oldular. Biz kurikulumun bizə nə verdiyini, kurikulum təhsil proqramının nəticələri barədə tam dəqiq təfərrüatları ilə informasiya təxminlə 2027-2028-ci illərdə şahidlik edəcəyik. Bu da onunla əlaqədardır ki, məhz kurikulum əsasında pedoqoji ixtisaslarda istər tam və orta təhsil müəssisələrində, istər ali təhsil müəssisələrində ümumi biliklər əldə edən şəxslər öz yetirmələrini 4-cü sinif monitorinq imtahanlarında nəticə baxımından müşahidə etmək olacaq. Kurikulumun bütün qaydalarına əməl edən təhsil verənlər müvafiq olaraq hansı nəticələrə yiyələnə bildilər".
Elçin Əfəndi əlavə edib ki, müasir dövrün uşaqları əvvəlki dövrün uşaqlarından çox fərqlənirlər:
"Bu, təhsil sistemində də maksimum uşaqların şəxsiyyət kimi formalaşdırılması, ümumi biliklərin interaktiv üsulla və istədikləri formada onlara çatdırılması vacibdir. Görünən odur ki, hələ şagirdlər özləri də tam olaraq prosesə adaptasiya ola bilmirlər. Bunun da səbəbi dərsləri kurikulum əsasında təhsil görmüş şəxslər dərsləri tədris etməməsidir".
Şəmsiyyə Cəfərquluzadə