“ABŞ-ın dövlət katibinin birbaşa məsələyə əl atması isə Qərbin bu məsələdə israrlı olduğunu göstərir”
“Əsas məqsəd Rusiyanı uzaqlaşdırmaq və regionda Qərbin söz sahibi olduğunu göstərməkdir”
ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
Telefon danşığını “Sherg.az”a dəyərləndirəm siyasi şərhçi Turab Rzayev bildirib ki, Qərb regionda daha da aktivləşməyə və Rusiyanı bu prosesdən vurub çıxarmağa çalışır:
“Biz bunun ilkin mərhələsi kimi məhz Avropa İttifaqının təşəbbüslərini gördük. Brüssel görüşləri birbaşa olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və qarşılıqlı kommunikasiya xətlərinin açılışına hesablanmışdı. Həm Lavrov, həm də Zaxarova bunu sülhə qarşı təxribat adlandırırlar.
Aydındır ki, Rusiya burda Avropanın birbaşa müdaxilə edib vəziyyəti ələ almasını və Kremli sıxışdırmasını istəmirdi. ABŞ-ın dövlət katibinin birbaşa məsələyə əl atması isə Qərbin bu məsələdə israrlı olduğunu göstərir.
Vaşinqton Ukraynada olduğu kimi Qafqazda da Rusiyanın qarşısında dayanaraq rəsmi Bakı və İrəvan arasındakı sülh prosesini təmin etməyə maraq göstərir. Burada ABŞ- dakı erməni lobbisinin və Paşinyan hakimiyyətinin Moskva tərəfindən sıxışdırılmasının da rolu böyükdür.
Bu cəhdlərlə həm də Paşinyana dəstək verilir. Lakin buradakı ən əsas məqsəd Rusiyanı uzaqlaşdırmaq və regionda Qərbin söz sahibi olduğunu göstərməkdir”.