Ekspertlər hesab edir ki, Putinin nüvə silahına əl atacağı ən yüksək həddədir
Rusiyanın dünyanı Ukraynaya nüvə silahı atacağı ilə hədələməsi hazırda ən çox müzakirə olunan məsələlərdəndir. Putin ötən həftə bu məsələyə yenidən toxunaraq bəyan edib ki, ölkəsinin ərazi bütövlüyü təhdid edilərsə, bütün vasitələrdən istifadə edəcəklər. Rusiyanı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyini deyən Putin bu dediklərinin blef olmadığını xüsusi vurğulayıb. Putinin nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı dəfələrlə yerli və beynəlxalq ekspertlər tərəfindən müxtəlif açıqlamalar verilib.
Bu günə qədər bu ehtimalı gözardı edən, Rusiya prezidentinin sadəcə təhdid üçün bu açıqlamaları verdiyini iddia edən beynəlxalq ekspertlər artıq nüvə təhlükəsinin real olduğunu etiraf edirlər.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri və Vaşinqtonun BMT-dəki sabiq səfiri Con Bolton da Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə etməsi ehtimalının artdığını deyib. Onun sözlərinə görə, bu, Kremlin Ukraynada üzləşdiyi problemlərlə bağlıdır.
O bildirib ki, rəsmi Moskva işğaldan sonra heç vaxt olmadığı qədər ciddi çətinliklərlə üzləşib: “Hesab edirəm ki, nüvə silahından istifadə etməsi Putinin intihar məktubunu imzalaması olar”. Sabiq müşavirin fikrincə, nüvə silahının tətbiqinin qarşısı alınmalıdır.
Qeyd edək ki, Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bununla bağlı açıqlama nazirliyin saytında yerləşdirilib. Nazirlik Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar Çexiya vətəndaşlarını bu ölkəyə getməməyə, hazırda Rusiyada olanları geri qayıtmağa çağırıb.
Xatırladaq ki, bir neçə gün analoji müraciəti ABŞ, Polşa, Fransa, Rumıniya, Pribaltika ölkələrinin səfirlikləri səsləndirmişdi. Bu xəbərdarlıqların səbəbləri izah edilmir. Rusiya Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırır.
Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı təhdidlərin günü-gündən çoxaldığını vurğulayan politoloq İlyas Hüseynovun “Şərq”ə açıqlamasına görə, Rusiya-Ukrayna müharibəsinin uzanması Putini daha da radikal addımlar atmağa vadar edir. Regionun Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumdan sonra nüvə riski ən yüksək həddədir:
“Şübhəsiz ki, Rusiyanın keçirdiyi referendumlar münaqişənin miqyasını bir qədər də genişləndirəcək. Ehtimal vardı ki, referendumdan sonra Ukrayna status- kvonu qəbul edəcək və müharibə səngiyəcək. Lakin rəsmi Kiyev əks hücum əməliyyatlarını davam etdirməkdə qərarlıdır. Qərb koalisiyası isə Ukraynaya hərbi, maddi, siyasi dəstəyini artırır. Və göründüyü kimi rus ordusu vaxtı ilə işğal etdiyi ərazilərdən sıxışdırılıb geri çəkilməyə vadar edilir. Hesab edirəm ki, qarşıdakı dönəmdə Ukrayna SQ bu ərazilərə hər hansısa hərbi müdaxilə edəcəklərsə, bu, Kreml tərəfindən Rusiyanın suveren ərazilərinə müdaxilə kimi qiymətləndiriləcək. Hazırda müharibənin və münaqişənin miqyasının genişləndirilməsi, Rusiyanın bu ərazilərdə möhkəmlənməsi planları durur. Ukrayna ordusu Rusiya ordusunu tez-tez pusquya salır, qarşı tərəfə çoxlu sayda itkilər verir. Bunun nəticəsidir ki, Ukrayna Prezidenti Zelenski Putinlə görüşdən imtina edir. Fevral, mart aylarında Zelenski Putinlə görüş üçün çoxsaylı çağırışlar edirdi. Bu gün isə rollar da, mövqelər də dəyişib. Baxmayaraq ki, Ukrayna işğal altındadır və işğalın miqyası çox genişdir. Ancaq Ukrayna tərəfi proseslərin hərbi yolla həllində maraqlıdır. Rusiya tərəfi isə qismən səfərbərlik elan etməklə oranı müdafiə etmək istəyir”.
Politoloq hesab edir ki, Rusiya həm nüvə təhdidi ilə, həm də referendumların nəticələrinin böyük güclər tərəfindən tanınmamasına rəğmən bu istiqamətdə qərarlı olduğunu nümayiş etdirir. Artıq bu istiqamətdə xüsusi əməliyyat adı altında həyata keçirilən bütün planın elementləri üzə çıxır və pazıllar yerinə oturur:
“Rusiya beynəlxalq miqyasda nüvə məsələsini qabardır və hazırkı status-kvonu möhkəmləndirmək üçün bu referendumları keçirdi. Düşünür ki, nüvə təhdidi olduqca, böyük güclər də Ukraynanın arxasından çəkilə bilərlər. Amma yuxarıda da qeyd etdiyim kimi qərbin Ukraynaya silah yardımını daha da genişləndirdiyini görürük. Məhz bu kimi səbəblərdən beynəlxalq ekspertlər də nüvə silahından istifadə ehtimalının hər keçən gün daha da artdığını etiraf edirlər.
Halbuki, nüvə silahı sıradan bir silah deyil. Nüvə riskinə görə geniş coğrafiya, flora və fauna təhlükə altındadır. Kütləvi insan qırğını ilə müşayiət olunmuş Xirosima və Naqasaki hadisəsindən sonra nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, nüvə başlıqları məhv edilsə də bəzi dövlətlər bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır və böyük maliyyə vəsaitləri xərcləyir”.