Krım körpüsündə partlayışda ölənlərin sayı 5 nəfərə çatıb  - YENİLƏNİB

Krım körpüsündə dünən baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayışın baş verdiyi yük maşınının yanında hərəkət edən avtomobildə dörd nəfər - üç kişi və bir qadın olub.

Qadın və kişilərin cəsədlərini tapmaq mümkün olub.

***

08 oktyabr saat 14.56

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

"İlkin məlumatlara görə, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb" - Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında qeyd olunub.

***

08 oktyabr saat 11:36

Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub", - deyə FHN-dən bildirilib.

***

08 oktyabr saat 10:01

Krım körpüsündə yanğın yük avtomobilinin partlaması nəticəsində baş verib.

APA RBK-ya istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsindən bildirilib.

Nəticədə körpünün avtomobil yolunun bir hissəsi dağılıb. Yanğın daha sonra yanacaq dolu çənlərə keçib.

***

08 oktyabr saat 09:17

Krımda körpüdə yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğına səbəb yanacaq dolu çənin alışması olub.

Yanğın yük qatarının sonuncu vaqonlarından birində baş verib. Yanğının səbəbi araşdırılır.

Körpüdə avtomobil və qatarların hərəkəti dayandırılıb. Körfəzdə nəqliyyat əlaqəsinin bərə vasitəsilə bərpa edilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, körpüdə gəmilərin keçməsi üçün nəzərdə tutulmuş tağ zədələnməyib.