Azərbaycan Mərkəzi Asiyada aparıcı qüvvəyə çevrilir


Ölkəmizin nüfuzu Türk Dövlətlər Təşkilatının qlobal mövqelərinə də güclü təsir göstərir
  Prezident İlham Əliyevin siyasi xətti, uğurlu diplomatik addımları Avropadan Asiyaya qədər geniş sferada maraqla qarşılanır. Dövlət başçısı dünya səviyyəli təşkilatlarda vacib çıxışlar edir, həll modelləri və gələcəyə yönəlik təkliflər səsləndirir. Prezidentin şəxsi nüfuzu, liderlik keyfiyyətləri Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməyi ilə müşahidə edilir. Ölkəmiz hazırda təkcə siyasi deyil, təhlükəsizlik, iqtisadi, humanitar və mədəni anlamda bütün dünyanın diqqətinə səbəb olan ölkədir. Ölkə başçısının pandemiyanın ən kəskin dövründə koronavirus bəlasına qarşı mübarizəsi, belə həssas dövrdə Qarabağı işğaldan azad etməyi və qısa zaman ərzində bu qədər işlər görməyi hər yerdə təqdir edilir. Həmçinin, ölkəmizin uğurlarının artması Azərbaycanın təmsil olunduğu təşkilatlarda da mövqelərimizin daha da güclənməyinə səbəb olur. Azərbaycan təmsil olunduğu təşkilatlara əvəzedilməz töhfələr bəxş edir.
  Praqada əldə etdiyimiz növbəti diplomatik qələbədən sonra Azərbaycan Prezidentinin Qırğızıstan və Qazaxıstan səfərinin vacib xüsusiyyətləri var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi Avropadan Mərkəzi Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər böyük coğrafi areallarda maraqla izlənilir. Ölkəmiz həm Qoşulmama Hərəkatı, həm də Türk Dövlətləri Təşkilatında (TDT) vacib layihələrin həyata keçirilməsində əsas icraçılardan biridir. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra TDT nəzdində əlaqələr daha da gücləndi. Qırğızıstan Azərbaycanın əməkdaşlıq etdiyi ən önəmli Mərkəzi Asiya ölkələrindən biridir. Bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının nəzdində inteqrasiyanın, eyni zamanda, dövlətlərarası münasibətlərin inkişafında vacib və kilid nöqtələrdən birini təmsil edir. Bu gün Qırğızıstan-Azərbaycan əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bu iki ölkə təkcə siyasi deyil, eyni zamanda, iqtisadi, mədəni, humanitar sahələrdə geniş vektorlu əməkdaşlıq həyata keçirirlər.
  Prezident İlham Əliyev daha əvvəl Qazaxıstan, Özbəkistan və Qırğızıstanla bir çox sahələr üzrə müqavilələr imzalayıb. Eyni zamanda, Qırğızıstana səfər edərək bir çox layihələrlə bağlı razılığa gəlib. Ölkəmizin Mərkəzi Asiyada aparıcı qüvvələrdən birinə çevrilməyi TDT-nin qlobal mövqelərinə də güclü təsir göstərir. Eyni zamanda Azərbaycan Qazaxıstanla da Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avrotlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası kimi mühüm təşkilatlarla əməkdaşlıq edir. Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Bunu iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri də sübut edir. İndiyədək ölkələrimiz arasında əlaqələrin inkişafına dair 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” çərçivəsində əməkdaşlıq edir. Bu ilin son 6 ayı ərzində əvvəlcə Qırğızıstan Prezidenti Sadır Japarovun, Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin Azərbaycana, bu günlərdə isə Prezident İlham Əliyevin Qırğızıstana və Qazaxıstana səfərləri bu ölkələr arasında əlaqələrin strateji səviyyəsini göstərir.
  “Azərbaycan və Qırğızıstanı bir çox ortaq dəyərlər birləşdirir. Xalqlarımız eyni soy-kökə və mədəni dəyərlərə malik xalqlardır. Ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran da məhz bu dəyərlərdir. Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. Yarım il əvvəl iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Belə ki, ölkələrimiz arasında mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunaraq artıq real siyasət sahəsinə transformasiya olunub. Azərbaycan-Qırğızıstan əməkdaşlığı nəticələrə hədəfləndiyi üçün nəzərdə tutulandan daha tez reallaşır.”
  Millət vəkili Cavid Osmanov "Şərq"ə deyib ki, Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Bundan da türk dünyası yeni potensial əldə edir. Deputatın sözlərinə görə, effektiv əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də öz bəhrəsni verir və münasibətlər qarşılıqlı dəstəyə əsaslanır: "Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması qərarı mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Qarşılıqlı maraqlara xidmət edən investisiyalar ölkələrmiz üçün yeni imkanlar yaradacaq. Məlum olduğu kimi Azərbaycan uzun illərdir ki, investor ölkədir. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğızıstandakı tərəfdaşlara xidmətlər göstərir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Qırğızıstana dövlət səfəri zamanı Prezident cənab İlham Əliyev açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratdığını diqqətə çatdırdı. Ölkə başçımız vurğuladı ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. Eyni zamanda, həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Bir halda ki, çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də Azərbaycandan keçir.”
  C.Osmanov qeyd edib ki, Azərbaycan-Qırğızıstan münasibətləri humanitar sahədə də uğurla inkişaf etdirilir: “Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir. Hər iki ölkədə mədəniyyət günləri keçiriləcək ki, bu da həm ölkələrimizin, həm də xalqlarımızın müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmasına imkan yaradacaq. Prezident cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan 9 adda rəsmi sənəd isə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza rolunu oynayacaq”.