Bayden G20 sammitində Səudiyyə vəliəhdi ilə görüşməyi planlaşdırmır

ABŞ Prezidenti Cozef Bayden İndoneziyada keçiriləcək G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşməyi planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə deyib.

Sallivan əlavə edib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxılması, xüsusən də silah tədarükü məsələsində Bayden tələsik hərəkət etmək fikrində deyil.

"Bu məsələ Konqresdə də müzakirəyə çıxarılmalıdır", - Baydenin müşaviri bildirib.

Bundan əvvəl ABŞ hökuməti "OPEC plus"un noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarı fonunda Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırdığını açıqlayıb. Vaşinqton "OPEC plus"un qərarını kəskin tənqid edərək, bunun iqtisadi məna kəsb etmədiyini iddia edib, bunun ardınca ABŞ Senatında Vaşinqtonun Ər-Riyada silah satışını bir il müddətinə dayandıran qanun layihəsi təqdim edilib.