İşlər baş-ayaqdı
Yayın qızmarında su kəməri niyə təmir edilməlidir ki, əhali də susuz qalsın
"Tikintisinə 1 milyard dollara yaxın vəsait sərf olunan kəmərin bu vəziyyətə düşməsi rüsvayçılıqdır"
1980-ci illərə qayıdırıq. Sovetin o “müdhiş” illərində, xüsusən yay aylarında əlimizdə vedrə, bidon, çaydan İçərişəhərin aşağı məhəllələrindəki həyətlərdən, ya da Xan sarayının qarşısındakı bağçada krantdan su doldurduğumuz günlər yadıma düşdü... “tarix geri qayıdır”, hansı alimin, hansı filosofun, bəlkə elə sadə bir vətəndaşın, fərq etməz kimin sözüdürsə, düz imiş. 21-ci əsrdə, “yaşıl enerji”, külək, günəş enerjisindən, tikilən su anbarlarından, çəkilən su kəmərlərindən bol-bol bəhs etdiyimiz bir zamanda paytaxtda (!) 5 gündür su yoxdur. Həm də nə az, nə çox, paytaxt Bakının tam da 9 inzibati rayonunda. Nə baş verir? Yoxsa, biz də bilərəkdən sualı tərsinə qoyaq, “nə verir baş?” soruşaq. Çünki zatən işlər baş-ayaqdı. Yayın qızmarında su kəməri niyə təmir edilməlidir ki, əhali də susuz qalsın, böyük narazılıq yaransın?!. Buna təəccüblənmirik, çünki təəccüblənməyin özü təəccüblü olar. İşlər nə zaman doğru-düzgün aparılıb ki, indi də aparılsın. Qışda qaz kəmərləri təmir olunur, əhali soyuqdan donur, yağış yağıb yolu-izi tutduqdan sonra kanalizasiya lyuklarının qapağı açılır ki, yağış suyu harasa nəhayət ki, “rədd olub” getsin, su kəmərinin də avqustun cırhacırında təmiri başladılır, əhalinin dili ağzında yanır. Məmurların fağır camaatla qəsdi nədi, niyə zülm edirlər, bilinmir. Yaddan çıxmamışkən, bunu da xatırladaq: bir neçə il əvvəl, yəni elə bu Oğuz-Qəbələ-Bakı yeni su kəməri çəkiləndə binaların damındakı su çənlərinin yığışdırılmasına qərar verildi, su idarəsinin əməkdaşları həyət-həyət gəzib su çənlərini damlardan endirdilər. Ki, bundan sonra fasiləsiz su verilməsi təmin olunacaq. Təki fasilə ilə olaydı, amma olaydı. Olmadı. İndi nəinki fasiləsiz, heç fasilə ilə də verilmir. Çən də yoxdu ki, əhali su ehtiyatı görsün. Şəhəri – söhbət paytaxtdan gedir, 5 gün susuz saxlayırsız ki, Yezidə “şükür” edək?!.
Paytaxt sakinləri – alimi, ziyalısı, jurnalisti, sıravi vətəndaş – hamısı günlərdir sosial şəbəkələrdə su axtarışına çıxıb, paylaşımlar edir;
Fərhad Cabbarov: - Yayın istisində səhər saat 11-dən su kəsilib. AZƏRSU-nun şəhər nömrəsi, qaynar xətti, votsap nömrəsi - gün ərzində heç biri cavab vermir.
Rasim İsmayılov: - "Azərsu", kimsə bilmədən Əhmədliyə ("Bakı" kinoteatrının yanı) gələn suyun kranını bağlayıb. Zəhmət olsa da işçilərdən birinə deyin açsın zəhmət olsa da. Baxmayın da, o qədər harınlamışıq ki, su da içirik. Bu nə biabırçılıqdır? "Azərsu" bir söz əzbərləyib; Qəza baş verib. Guya qəza baş veribsə, bunların heç bir günahı yoxdur. Saxla qaqaş, bu dünyadan bizim də başımız çıxır. Və qulaq as. Bakının 90 faizində su kəsilir. Və 4 günə bərpa olunması planlaşdırılır. Zəlzələ, qasırğa, yaxud hansısa bir təbii fəlakət olmayıb. Uzağı 15 il öncə ən müasir texnoloji vasitələrlə tikilmiş kəmər görün nə qədər nəzarətsiz qalıb ki, hansısa qəzanın nəticəsi 21-ci əsrdə 4 günə aradan qaldırılır. Yenə deyirəm, aradan qaldırılmasına 4 gün vaxt tələb edən qəza deməli, çoxdan "fəaliyyət"ə başlayıbmış və uğurla öz nəticəsini verib. Amma vaxtaşırı kəmərin hər mənada təhlükəsizliyinə məsul olan qaqaşlar yatıbmış. Yenə deyirəm, hər hansı qəza kənar müdaxilə nəticəsində baş verməyibsə, məsuliyyət (məsuliyyətsizlik) məhz həmin qurumun boynuna düşür. Deməli, məsul qaqaşlar, məsul ola bilmir. Yaxşı, qandım ki, bu qaqaşlar işi bacarmır. Bəs alternativ xidmət nəzərdə tutulubmu? Yox. Olsaydı, 35 dərəcə istidə 4 milyonluq şəhərin 90 faizi 4 gün susuz qalmazdı. Bundan sonra həyasızcasına "bütün problemlərin səbəbi qiymətin ucuz olmasıdır" desələr təəccüblənmərəm. Hələ həyasızcasına Əhmədlidə yaşayanları ümumiyyətlə adam saymayaraq Bakının 11 rayonundan 9-da su olmayacağını yazıblar. Amma ən böyük rayon olan Xətainin adı yoxdur. Görək həbs olunan olacaqmı?..
Əzizə İsmayılova: - İşdən evə gəlmişəm, dünənki kimi yenə bir qram su gəlmir. Bakının yarısı- Yasamal, Səbail, Nəsimi, Xətai, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı niyə susuz qalıb, hal nədir, qəziyyə nədir? Demiyəsən, Oğuz-Qəbələ-Bakı magistral su xəttində, ayın 12-si gecədən, təmir-bərpa işləri gedir. Bu səbəbdən də o boyda boru xəttindəki bütün su boşaldılıb. Əks halda təmir mümkünsüz olardı, təbii. Ayın 16-na kimi bitməlidir, deyə söz veriblər. Amma lap bu gecə də bitsə, o xəttə su yığılması üçün, ən azı, 24 saat lazım olacaq.
Nəhayət, rəsmi açıqlama verildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib ki, Oğuz-Qəbələ-Bakı su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da (15 avqust – M.R.) tamamlanıb. "Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat bir neçə dəqiqə ərzində yayacağıq", - deyə o vurğulayıb. Qeyd edilib ki, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir. Xatırladılır ki, avqustun 12-si gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb. Öz adımızdan bunu deyə bilərik ki, “digər mənbələr hesabına suyla təminolunma” da lazımi səviyyədə olmayıb. Bəzi ərazilərə qısa müddətə su verilib, dərhal da kəsilib. Anlaşılan, ehtiyat su mənbəyimiz, su anbarımız-filan da yoxdur.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı "Sherg.az"a açıqlamasında qeyd etdi ki, tikintisinə 1 milyard dollara yaxın vəsait sərf olunan kəmərin bu vəziyyətə düşməsi rüsvayçılıqdır:
- Oğuz-Qəbələ-Bakı si kəmərinin tikintisinə 2006-cı ildə başlandı, 2008-ci ildə başa çatdı. Bu kəmər çox başıbəlalıdı. Tikinti ekoloji ekspertiza aparılmadan başlandı, nəticədə ekologiyaya, ətraf mühitə xeyli ziyan dəydi, bir çox ərazilərdə meşə örtüyü məhv edildi, kəmər keçən ərazilərdə yaşayan insanlara zərər dəydi, bizim təşkilat insanlara böyük həcmdə kompensasiya ödənilməsinə kömək edib, məhkəmə yoluyla. Eyni zamanda təşkilatımız kəmərin tikintisi ilə bağlı monitorinq aparıb. “Oğuz-Qəbələ-Bakı su kəməri: sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi üzrə ilkin tədqiqat” təşkilatımızın internet səhifəsində dərc olunub. Hazırda da səhifədədir, maraqlananlar baxa bilər. Orada qeyd edilib kəmərin tikintisi necə aparılıb, hansı şirkətlər iştirak edib kəmərin çəkilişində, hansı nöqsanlara yol verilib, hansı ziyanlar vurulub. Niyə belə oldu, çünki kəmərin tikintisi tələm-tələsik, ekoloji ekspertiza aparılmadan, rəylər nəzərə alınmadan aparıldı. Tikinti zamanı yol verilmiş nöqsanların nəticəsidir ki, bu gün Bakı susuz qalıb. Bu kəmər Neft Fondunun maliyyəsi hesabına çəkilib. Çəkilişdə ifrat dərəcədə vəsait xərclənib - 1 milyard dollara qədər pul sərf olunub. Ciddi nöqsanlara yol verilib, lazımi auditlər aparılmayıb. Yol verilən yeyintilər, korrupsiya ayrıca araşdırılmalı idi. Bu, Oğuzdan ta Bakıya qədər gələn kəmərdi. Kəmər çəkilərkən bildirilmişdi ki, bununla paytaxt 24 saat fasiləsiz su ilə təmin ediləcək. Amma bildiyim qədər kəmərin bir qolu Su zavoduna verildi, ona görə də Bakının su ilə tam, fasiləsiz təmin edilməsi mümkün olmadı. Allah bilir, kəməri hansı borularla çəkiblər, necə çəkiblər. Şükür edək ki, kəmər partlamayıb, su yerin altına axmayıb!..