25 manat çox bahadır
"Kartel sövdələşmə”ni dövlət də qəbul etmir
Antiinhisar Dövlət Xidməti də minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib
Ölkədə avqustun 15-dən etibarən genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğlərinin artırılması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hərəkətə keçirib. Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanıldığını bəyan edib. Qeyd edək ki, ötən ay "Aztelekom" avqustun 15-dən etibarən ölkə üzrə internetin sürətini 2.5 dəfə - 40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s artıracağını və müvafiq olaraq da 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN-ə təklif olunacağını bildirib. Bu isə abunəçilər arasında kəskin etiraza, narazılığıa səbəb olub. Mütəxəssislər də abunəçilərə seçim imkanının tanınmaması, internet sürəti barədə sadə vətəndaşların məlumatsız olması, ümumiyyətlə, "Aztelekom"un 100 Mbit/s internet sürəti ilə təmin etmək gücündə olmadığını bildirərək əlaqədar qurumları məsələyə müdaxilə etməyə səsləmişdilər. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur. Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur. Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir.
Yaranmış xoşagəlməz vəziyyətlə bağlı rəyini sosial şəbəkə üzərindən bildirən Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Antiinhisar Dövlət Xidmətinin hərəkətə keçməsini müsbət irəliləyiş adlandırıb:
- Antiinhisar Dövlət Xidməti minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib. İlk dəfə rastlaşdım ki, Antiinhisar rəsmi açıqlamasında "Kartel sövdələşməsi" ifadəsi işlədib. Həmçinin açıqlamada təqdim olunan internet tariflərində "seçim imkanlarının məhdudlaşdırıldığı" qeyd edilib. Antiinhisar Dövlət Xidməti araşdırmalar aparıldığını, nəticəsindən asılı olaraq qərar qəbul ediləcəyini bildirib. İKTA-dan hələlik xəbər yoxdur.
O.Gündüz bildirib ki, internet tariflərinin yüksəlməsi vətəndaşların internetdən imtinası, ən yaxşı halda isə “şərikli internet”dən istifadə hallarını artıracaq:
- Yeni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa Şərikli İnternet olacaq? Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb. Burada reallıq nədən ibarətdir? Öncə qeyd edim ki, əlçatanlıq baxımından, biznes və inkişaf baxımından, rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksəksürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb. Amma əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur. Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s. xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir. Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi. Ötən ildən isə "Aztelekom" bu minimal sürəti 50 faiz qaldırıb 18 manat (40 Mbit/s) etmişdi. İndi isə "Aztelekom" yenidən bu minimal tarifi 40 faiz qaldıraraq 25 manat etməyi düşünür. Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zərurui olan internetin qiyməti son iki ildə toplam 100 faiz qalxıb. Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir. AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki, müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın. Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir? Nə baş verəcək regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq. Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək.