İranı çətin dövr gözləyir! – “İğtişaşlar nəzarətdən çıxara bilər” – Ağ Evin "əli" görünür

ABŞ İrandakı etirazları dəstəklədiyini və etirazçılara dəstək vermək üçün addımlar atdığını bəyan edib. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. C.Sallivan qeyd edib ki, Ağ Ev ilk növbədə, etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışır. 

Məsələni "Sherg.az"a şərh edən analitik Elçin Xalidbəylinin sözlərinə görə, bu ABŞ-nin rəsmi Tehranın son davranışlarına verdiyi cavabdır:

 "Ağ Ev İrandan Rusiyaya hərbi texnika satmamağı tələb edib. Rəsmi Tehran da bir neçə dəfə İranın Rusiyaya silah-sursat vermədiyini bəyan edib. Ancaq son vaxtlar Rusiyanın Ukrayna şəhərlərinə, xüsusilə də, paytaxt Kiyevə endirilən hava zərbələri tamamilə fərqli mənzərə ortaya çıxardı. Rusiya tərəfindən həmin hava zərbələrin məhz İran istehsalı olan PUA-lar və kamikadze-dronlar vasitəsilə endirildiyi məlum oldu. Rəsmi Kiyev hətta son bir gün ərzində İran istehsalı olan 26 hərbi hava obyektinin vurulduğunu bildirib. Yəni İranın Rusiyaya hərbi texnika satması savaş meydanında ortaya çıxan dəlillər ilə təsdiqlənib. Ona görə də, ABŞ bütün bunlardan İrana qarşı təzyiqləri artırmaq üçün istifadə etməyə çalışır".

 E.Xalidbəyli bildirib ki , böyük ehtimalla Ağ Ev yaxın vaxtlarda İrana qarşı beynəlxalq sanksiyaların genişləndirilməsinə də cəhd göstərə bilər:

 "Hətta İranın beynəlxalq izolyasiyasının dərinləşdirilə biləcəyi də qətiyyən istisna deyil.

Ona görə də, ABŞ-nin İranda kütləvi etiraz aksiyalarına dəstək verməsi qətiyyən gözlənilməz xarakter daşımır. Ancaq hələlik Ağ Ev etirazlara dəstək vermək üçün hansı addımları atdığı dəqiq məlum deyil. Böyük ehtimalla ABŞ-nin etirazçılara dəstəyi İranda daxili xaosu dərinləşdirə və küçə iğtişaşlarını nəzarətdən çıxara bilər.

 Bu baxımdan, ABŞ-nin İranda kütləvi etiraz aksiyalarına dəstək bəyanatı real addımlarla müşayiət olunarsa, bu o deməkdir ki, rəsmi Tehranı olduqca çətin dövr gözləyir. Ölkədaxili durumdan ciddi şəkildə narazı olan əhalinin ABŞ və Qərbdən ciddi dəstək alacağı təqdirdə, İran hökuməti üçün həlledici mərhələnin başlaya biləcəyi qətiyyən istisna deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ağ Evin bəyanatları və vədləri bəzi hallarda ABŞ-nin real davranışları ilə üzləşmir. 

Yəni, bu məqamda onun dəstək bəyanatının hansı hədəflərə hesablandığını dəqiqləşdirmək üçün atılan addımların nədən ibarət olduğunun bəlli olması da vacibdir".