“Əgər burada nüvə silahından istifadə olunsa dünyanın sonu gələ bilər"
Rusiya-Ukrayna müharibəsi getdikcə daha da şiddətlənir. Moskva savaşı dayandırmaq istəmir, rəsmi Kiyev isə Putin hakimiyyəti ilə danışıqlardan qəti şəkildə imtina edir. Bu da onu deməyə əsas verir ki, Ukraynanı “qan gölü”nə çevirən müharibə hələ uzun müddət davam edəcək. Bəs savaş nə zaman başa çatacaq və qazanan kim olacaq?
Bu müharibənin iki qütbün savaşı olduğunu deyən politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, buradakı əsas hissə səhnə arxasındadır:
"Bir çoxları bu müharibəyə Rusiya ilə Ukrayna arasındakı hərbi insident kimi yanaşır. Lakin bu yalnız üzdə görünən hissədir. Burada Şərqlə-Qərbin savaşı gedir.
Rusiya Şərqi təmsil edir, Ukrayna isə Qərbi. Bu iki qütbdən birinin zəifləməsi və ya məğlub olması təqdirdə müharibə sona çatacaq. Yəni iki tərəfdən biri demək olar ki, sıradan çıxmış olacaq. Bu bizə deməyə imkan verir ki, Ukrayna müharibəsi dünya hegemonluğu üzərindəki mübarizənin tərkib hissəsidir".
Ekspert qeyd edib ki, hər iki tərəfin üstün və zəif tərəfləri kifayət qədərdir:
"Rusiyanın hərbi potensialı tükənib. Lakin əlində nüvə silahı və insan resursları var. Bu resursları toplayaraq yenidən savaşa bilər. Amma qarşı tərəfin, yəni Qərbin də zəif nöqtəsi var. Bu zəiflik Rusiyaya qarşı yer alan koalisiya ölkələrinin, Kremlin enerji resurslarından asılı olmasıdır.
Getdikcə bu asılılığın təsiri artır və şaxtalı qış aylarının gəlməsi ilə Avropadakı vəziyyət gərginləşməyə başlayır. Orada təkcə enerji yox, həm də maliyə və humanitar böhranı da şiddətlənir. Zaman keçdikcə böhran daha da böyüyəcək.
Hətta bu Avropadakı bəzi ölkələrdə hakimiyyət dəyişikliyinə də gətirib çıxara bilər. Ümumiyyətlə isə bu müharibə bəşəriyyətin taleyini həll edəcək bir savaş kimi görünür. Əgər burada nüvə silahından istifadə olunsa dünyanın sonu gələ bilər".