Baş verənlər ciddi problemdir

Politoloq: "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" 

  "Naxçıvanın muxtariyyətinin ləğv edilməsi, birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir". Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi nizam köklü surətdə dəyişib: "Naxçıvanın güc nazirliklərinin ləğvi, Bakıya birləşdirilməsi və növbəti mərhələdə statusunun ləğvi Azərbaycanın təhlükəsizliyini və suverenliyini gücləndirəcək. 
  Azərbaycan Konstitusiyasında Naxçıvan muxtar respublika olaraq siyasi və təhlükəsizlik məsələləri ilə məşğul olmamalı, yalnız iqtisadi, təhsil və humanitar məsələlər üzrə səlahiyyətlərə malikdir. Muxtar respublikada struktur dəyişiklikləri əhalinin rifahının yüksəldilməsinə və ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Tarixi zərurət aradan qalxdığı üçün Naxçıvanın statusu ləğv edilərək, prezidentin xüsusi nümayəndəliyi təsis edilə bilər. Rusiyadan kənarda və uzaq məsafədə yerləşən Kalininqrad vilayətinin statusu yoxdur, amma bu, onun təhlükəsizliyini təhdid etmir. Belə olan təqdirdə qalib olan Azərbaycan daxilində muxtar ölkəyə ehtiyac yoxdur". 
  Analitikin fikrincə, Naxçıvanın muxtariyyətinin ləğv edilməsi, birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir: "Güney Azərbaycan məsələsinin Prezident tərəfindən qaldırılması bunun məntiqi nəticəsidir. Biz Xankəndidə öz suverenliyimizi bərpa etmək istiqamətində addımlar atdığımız məqamda Naxçıvanda baş verənlər ciddi problemdir. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdə siyasətini dəstəkləyirik. Burada "niyə iki il bundan əvvəl edilmirdi, indi yada düşdü kimi" ifadələr yersizdir. Çünki bu kimi məsələlər təhlükəsizlik və suverenlik məsələsidir. Zamanı gəldikcə, həll edilməsi labüd olur".