Peru prezidenti istefa verməkdən imtina edib

Peru prezidenti Dina Boluarte istefa verməkdən imtina edib və Konqresi növbədənkənar seçkiləri təsdiqləməyə çağırıb.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı istefasının problemləri həll etməyəcəyini deyib.

Bildirib ki, əlindən gələni edib, xüsusən də seçkilərin keçirilməsi üçün Konqresə qanun layihəsi göndərib. “Mən onlardan seçkilərdə səsvermə imkanlarına yenidən baxmalarını tələb edirəm”, - deyə prezident sözlərinə əlavə edib.

Qeyd edək ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiq etməyib.

Xatırladaq ki, dekabrın 7-də Xose Pedro Kastilyo Terrones parlament tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb. Prezident isə öz növbəsində Konqresin (parlamentin) buraxıldığını və ölkədə komendant saatının tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər prezidenti deyil, Konqresi dəstəkləyib. Nəticədə dövlət başçısının istefası təsdiqlənib. Kastilyo saxlanılıb və ona qarşı qiyam təşkil etmək ittihamı irəli sürülüb.