Türkiyə XİN: "Misirlə Liviya arasındakı sərhəd mübahisəsində dialoqun tərəfdarıyıq"


Türkiyə Misir və Liviya arasında Şərqi Aralıq dənizində sərhədlərin müəyyən edilməsində fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini zəruri sayır.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

“Misir və Liviya fikir ayrılıqlarını aradan qaldırmaq üçün mümkün qədər tez dialoqa başlamalıdır”, - məlumatda deyilir.

XİN vurğulayıb ki, Misir tərəfi qərb istiqamətində dəniz zonalarının demarkasiyası qərarı ilə Liviyanın ərazi sularının sərhədlərini pozur. Eyni zamanda, Misirin müəyyən etdiyi sərhədlər Türkiyənin ərazi sularına şamil olunmur.

Bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisi dekabrın 13-də qərb istiqamətində dəniz zonalarının demarkasiyası haqqında fərman imzalayıb. Liviyanın milli birlik hökuməti Misirin dəniz sərhədlərinin demarkasiyası qərarını rədd edərək, bunu beynəlxalq hüquqa zidd adlandırıb.