Misirdə idman kompleksinin metal konstruksiyası çöküb, yaralananlar var

Misirin paytaxtı Qahirənin yaxınlığındakı Həsən Mustafa İdman Kompleksinin tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Ahram Online” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, həmin vaxt idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu keçirilirdi.

Oyun fövqəladə vəziyyətə görə yarımçıq qalıb. Misir Səhiyyə Nazirliyi məlumat verib ki, zərərçəkənlərin təxliyəsinə 21 təcili tibbi yardım maşını cəlb olunub. Metal konstruksiyasının çökməsinə səbəb kimi azarkeşlərin hərəkətləri göstərilir.

Xatırladaq ki, Həsən Mustafa İdman Kompleksi 2020-ci ildə açılıb və o vaxtdan bəri basketbol, həndbol daxil olmaqla, bir neçə idman növü üzrə yarışlara ev sahibliyi edib.