Azərbaycan Dəmir Yolları QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb. Bu barədə ADY məlumat yayıb. Bildirilib ki, müqavilə ADY sədri Rövşən Rüstəmovun Tehranda keçirilmiş Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakiri Sardrudi ilə görüşdə imzalanıb. Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər. Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir. Həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İran-Azərbaycan münasibətləri zaman-zaman Tehran hakimiyyətinin yanlış siyasəti, ölkə rəsmilərinin qərəzli çıxışları ucbatından dəyişkən xarakterlidir:
“Son zamanlar iki ölkə arasında əlaqələr düzəlməyə doğru inkişaf edirdi. Ancaq Azərbaycanın Tehrandakı səfirliyinə hücum və daha sonra Ərdəbildə Ayətullah Seyid Xamneinin nümayəndəsi Həsən Amulinin Azərbaycan, Türkiyə və müsəlman dünyasına qarşı təşkil etdiyi təxribatçı məclis iki ölkə münasibətlərində yenidən problem yaratdı. Digər tərəfdən isə bu yaxınlarda İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri zamanı əldə olunan razılıqda Rusiya qazının Azərbaycandan keçməsi məsələsi münasibətlərə yenidən istilik gətirdi. Ehtimal olunur ki, yaxın prespektivdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafında nəzərə çarpacaq irəliləyiş olacaq. Lakin Tehran hakimiyyətinin yenidən Amulinin çıxışı kimi siyasi və sosial məsələlərdə qərəzli fikirlər səsləndirməyəcəyinə təminat yoxdur. Hesab edirəm ki, iqtisadi əlaqələri inkişafı mümkün olsa da, siyasi və sosial məsələlərdə İran hakimiyyəti yenə Azərbaycana qərəzli mövqe göstərəcək. Elə Amulinin indiyə qədər Azərbaycan xalqından üzr istəməməsi buna nümunədir”.