Əmək Məcəlləsində təsbit olunmuş qayda müsbətdir - Mirvari Qəhrəmanlı

Ancaq konkretlik olmadığı üçün işçilərin bundan bəhrələnməsi çətin olacaq

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Yeniliyi şərh edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Əmək Məcəlləsində təsbit olunmuş qayda müsbətdir, lakin konkretlik olmadığı üçün işçilərin bundan bəhrələnməsi çətin olacaq: 

-Əmək Məcəlləsində növbəli işlərdə və gecə növbəsində çalışanların hüquqları qeyd olunur, lakin hansı ailə vəzifələri nəzərdə tutulur, dəqiq bilinmir. Gecə növbəsində işləyənlər sağlamlıq haqqında arayış təqdim edir, onlara əlavə ödəniş olunur və sair. Bu hüquqlar var. Amma ailə vəzifələri nəzərə alınacaq, bildirilir, lakin konkretlik yoxdur. Qadın işçilərin hüquqları ilə bağlı Məcəllədə 16 maddə var. Yaxşı maddələrdir, bəziləri istifadə edir, bəziləri yox. Məsələn, 14 yaşına kimi uşağı olan qadınlar qısaldılmış iş həftəsi ilə çalışa bilər, əmək haqqı saxlanılmamaqla. Amma təsdiqlənən yeni dəyişiklikdə konktret nə, hansı ailə vəzifələri nəzərdə tutulur, dəqiq qeyd edilməyib. Məsələn, körpəsi olan qadınlara hansı güzəştlər ediləcək? Bunlar konkret yazılmalıydı. Ailə başçısının vəzifələri çoxdur. Ailə ehtiyaclarının ödənməsi, sağlamlıq məsələləri. Kiçik yaşlı uşaqlara qulluq, nəzarət. Uşaqların tərbiyəsi, baxımı. Hansı vəzifələrə güzəşt ediləcək, aydın açıqlanmalıdır ki işçi hüquqlarını bilsin və ondan istifadə etsin.