TƏCİLİ! - Rusiyanın raketləri tükənir: həlledici mərhələ başlayır



"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib ki, Rusiyanın raketləri tükənib və cəmi 2-3 kütləvi hücum üçün raketlər qalıb. 
O söyləyib ki, söhbət yüksək dəqiqlikli silahlardan gedir: “Buraya Kh-101, Kh-555 raketləri, “İsgəndər”lər və digərləri daxildir. Onlardan uzaq məsafə üçün istifadə edilir”.
Skibitskinin, həmçinin bildirib ki, növbəti kütləvi raket hücumu yanvarın 9-10-da həyata keçirilə bilər". 

Bu barədə "Sherg.az"a siyasi şərhçi Kənan Novruzov bildirib. Ekspert qeyd edib ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bu yaxınlarda bildirmişdi ki, Rusiyanın silah arsenalında təxminən 150 raket qalıb. Onun sözlərinə görə bu göstərici Ukraynaya 2 kütləvi hücuma kifayət edə bilər:

"Kütləvi raket hücumları Rusiyanın savaşdakı əsas “kozır”ıdır. Məhz bu yolla Ukrayna şəhərləri yerlə-yeksan edilir, insanlar öldürülür, infrstuktur obyektlər dağıdılır, ölkə susuz-işıqsız qalır. Məqsəd aydındır: əhalinin mübarizə əzmini qırmaq, psixoloji travma yaratmaq. Təsadüfi deyil ki, Rusiya intensiv olaraq kütləvi raket hücumları həyata keçirir. 
 Əslində Ukrayna raketlərinin tükənməsi heç də utopiya deyil. Bu, tez-gec olmalıdır. Sözsüz ki, Rusiyanın seçdiyi taktika bu prosesi bir az da sürətləndirir. 
 Amma raketlərin tükənməsi Rusiyanın hücumlarını dayandıracağı kimi başa düşülməməlidir. Ən azından ona görə ki, İran Rusiyaya PUA-lar verir. Və istisna deyil ki, yaxın gələcəkdə Rusiyaya PUA tədarükü daha da artacaq. 
 Əlbəttə, Rusiyanın imkanları getdikcə azalır. Və bunun fonunda Ukraynanın əks-hücumları intensivləşir. Ukraynanın son günlərdə Rusiyanın aviabazalarına endirdiyi zərbələr, həmçinin Donbasın vurulması da bu baxımdan qiymətləndirilməlidir. 
 Rusiyanın “soz söz” məqsədilə yaxın günlərdə növbəti dəfə kütləvi raket hücumları həyata keçirməsi mümkündür. Buna baxmayaraq, fikrimcə, tədricən Ukraynanın zərbələri daha təsirli olacaq. Rusiya daha çox panika yaratmağa, Ukrayna isə torpaqlarını işğaldan azad etməyə çalışır. 
 Yaxın vaxtlarda Rusiya aviabazalarına zərbələrin təkrarlanması da mümkündür. Həmçinin, çox böyük ehtimalla döyüşlər artıq Rusiya ərazisinə keçəcək. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov, həmçinin NATO baş katibi Yens Stoltenberq artıq bunun anonsunu veriblər".

K.Novruzov hesab edir ki, Rusiya hələ sentyabrda Donetks, Luqansk, Zaporojye kimi ərazilərdə saxta referendum keçirərək həmin vilayətləri özününküləşdirmişdi. Yəni Kreml adı çəkilən əraziləri Rusiya ərazisi kimi qəbul edir:
"Bu isə o deməkdir ki, Rusiya üçün Moskva ilə Donetskin, Sankt- Peterburqla Luqanskın fərqi yoxdur. Yəni döyüşlər Rusiya ərazisinə keçərsə, rəsmi Moskva buna ciddi etiraz edə bilməz. Çünki sözügedən qərarına görə, döyüşlər çoxdan Rusiya ərazisinə keçib. Əgər Rusiya ehtimal edilən ssenari ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edərsə, özü özünü təkzib etmiş olar. 
 Beləliklə, proseslərin gedişatına əsasən demək olar ki, müharibədə yeni, bəlkə də, həlledici mərhələ başlayıb".