Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.
Görüş Ədalət və İnkişaf Partiyasının Baş Ofisində mətbuata qapalı şəkildə keçirilib.
Görüşün gizlinlərini "Sherg.az"a açan politoloq Sədrəddin Soltan bildirib ki, İranla Türkiyə arasındakı münasibətlər əvvəlki illərə nisbətən normallaşıb:
"Amma son zamanlar İranın Azərbaycana qarşı tutduğu mövqe və Türkiyəyə terrorçu göndərməsi iki ölkə arasındakı münasibətlərdə gərginliyə səbəb olub.
Bununla belə rəsmi Ankara rəsmi Tehrana qarşı elə də ciddi etirazlar sərgiləmir. Çünki Türkiyə əsasən Suriya ilə münasibətlərin normallaşmasına çalışır.
Burada əsas vasitəçi rolunda isə İran və Rusiya dayanır. Bu yaxınlarda Türkiyənin Milli İstihbarat idarəsi və Müdafiə nazirliyinin rəhbərləri həmkarları ilə görüşüb. Perspektivdə Türkiyə rəhbəri ilə Suriya prezidenti arasında görüş də planlaşdırılır".
Analitikin sözlərinə görə həmin görüşdə masaya yatırılan məsələlərdən biri də Suriya Türkiyə münasibətləridir:
"Digər tərəfdən rəsmi Tehranın Azərbaycana qarşı mövqeyi və Cənubi Qafqazda yeritdiyi siyasətin də gündəm mövzusu olacağını ehtimal edirəm.
Həmçinin İrandakı etiraz aksiyaları və bu aksiyaların regiona təsirindən də danışıla bilər. Heç şübhəsiz ki, iki ölkə arasındakı qarşılıqlı əlaqələr və İranın prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfəri də gündəmdə olub".