“Türkiyə xarici işlər naziri Çavuşoğlu Stoltenberqlə görüşdə açıq dedi ki, İsveç necə DAİŞ-ə qarşı mübarizə aparır, PKK-ya da eyni yanaşmalıdır”
“Hazırda Finlandiyanın üzvlüyünün qəbul edilməsi daha realdır”
“Əgər İsveç müəyyən addımlar atarsa, Türkiyə onun da NATO üzvlüyünə mane olmayacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO Baş katibi Yens Stoltenberqi qəbul edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Hələlik görüşün digər təfərrüatı barədə heç bir məlumat verilmir. Həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransı keçirib.
Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynadakı müharibə, taxıl müqaviləsi kimi məsələlərə də toxunulub.
“Bizim əsas mövzumuz olmasa da, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı gözləntilərimizi bir daha vurğuladıq. Hər iki ölkənin atacağı addımlar var. Xüsusilə İsveçin. Son təxribatlar heç də yaxşı deyil”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
O, Finlandiyanın namizədlik prosesinin İsveçdən ayrı qiymətləndirilə bilinəcəyini vurğulayıb.
Çavuşoğlu Türkiyənin NATO-nun genişlənməsinə qarşı olmadığını, alyansın fəaliyyətlərinə və missiyalarına ən çox töhfə verən ilk beş ölkədən biri olduğunu xatırladıb.
“Bu töhfələr davam edəcək”, - deyə o vurğulayıb.
Görüşün kodlarını "Sherg.az"a açan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, NATO-nun dəstəyi Türkiyə üçün vacibdir:
"Türkiyə NATO-nun əsas ölkələrindən biridir və orada 100 ilin ən dəhşətli zəlzələsi baş verib. Əlbəttə ki, bu səbəbə görə NATO baş katibi Türkiyəyə səfər etməli idi. Digər tərəfdən Stoltenberqin xahişi olub ki, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olmasın, əksinə dəstəkləsin. Ümumiyyətlə, zəlzələyə qədər rəsmi Ankara Finlandiya və İsveçin qarşısına siyahıdakı terrorçuların onlara təhvil verilməsi barəsində ciddi tələblər qoymuşdu.
Finlandiya bu işləri daha sürətlə gördüyü üçün Türkiyə onu İsveçdən ayırdı. Yəni Finlandiya üçün yaşıl işıq yandıracağını işarət etdi. Amma İsveçlı bağlı suallar hələ də qalır. Digər tərəfdən zəlzələdən sonra Türkiyəyə yardım edən ölkələr arasında İsveç və Finlandiya da var idi. Bu mənada mümkündür ki, Ankaranın üzvlüklə bağlı mövqeyində müəyyən dəyişikliklər baş versin.
Ancaq Türkiyə xarici işlər naziri Çavuşoğlu Stoltenberqlə görüşdə açıq dedi ki, İsveç necə DAİŞ-ə qarşı mübarizə aparır, PKK-ya da eyni yanaşmalıdır. Hesab edirəm ki, hazırda Finlandiyanın üzvlüyünün qəbul edilməsi daha realdır. Əgər İsveç müəyyən addımlar atarsa, Türkiyə onun da NATO üzvlüyünə mane olmayacaq".