“Çünki həm Rusiya, həm də İran Qərb təhlükəsi qarşısındadır”
“Bu da hər iki ölkəni daha da sıx birləşməyə və aralarındakı münasibətləri inkişaf etdirməyə tələsdirir"
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani məlumat verib.
“Yaxın vaxtlarda İran xarici işlər nazirinin Rusiyaya səfəri planlaşdırılır. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir”, - N.Kanani bildirib.
Səfərin mahiyyətini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Ukrayna müharibəsi nəticəsində dünya Şərq və Qərb qütbünə bölünüb:
"Hər iki qütb arasındakı münasibətlər sərtləşməyə və üzvlər arasındakı əlaqələr intensiv şəkildə sıxlaşmağa başlayır. Biz bunu xüsusilə İran və Rusiya arasında olan münasibətlərdə görürük. Belə ki, İran Ukrayna müharibəsi başlayan ərəfələrdə yenidən nüvə danışıqlarına qayıtmaq mərhələsində idi.
Qərb isə sanksiyalar haqqında düşünürdü. Lakin sonra cənub qonşumuzun raketləri və Ukrayna səmasında görünürdü. Bundan sonra isə Qərb və İran münasibətləri gözlənilməz yara aldı. Hətta məlum oldu ki, İran və ölkədəki paralel hakimiyyət sayılan SEPAH Rusiyanın ciddi təzyiqi altındadır. Yəni onların arasında sıx əlaqələrin olduğu bəlli oldu".
Analitikin sözlərinə görə, Abdullahyan diplomatik korpusda SEPAH-ın adamı kimi tanınır:
"Onu islahatçı kimi tanın keçmiş XİN rəhbəri Cavad Zərif vəzifədən azad etmişdi. Çünki onu SEPAH yerləşdirmişdi. Qərblə münasibətlərə Cavad Zərif baxsa da, Abdullahyan yaxın Şərq ölkələri ilə əlaqələri kurasiya edirdi. Onu daha çox SEPAH naziri kimi tanıyırdılar. Cavad Zərifin onu istefa etdirməsinə baxmayaraq, İslahatçı hökümət seçkiləri uduzdu və indiki rejim hakimiyyətə gəldi.
SEPAH isə bütün gücünü ortaya qoyaraq heç bir diplomatik təcrübəsi olmayan Abdullahyanı XİN postuna gətirdi. Digər tərəfdən İran XİN rəhbərinin Rusiya səfəri rəsmi Tehranla, Moskvanın güc strukturları arasındakı dərinləşməyə hesablanıb.
Çünki həm Rusiya, həm də İran Qərb təhlükəsi qarşısındadır. Bu da hər iki ölkəni daha da sıx birləşməyə və aralarındakı münasibətləri inkişaf etdirməyə tələsdirir".