Azərbaycan BMT-nin su ehtiyatları üzrə konfransında

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Azərbaycanın da təmsil olunduğu 2023-cü il üçün su ehtiyatları üzrə konfransın açılışı baş tutub.

"Report"un ABŞ bürosu xəbər verir ki, Tacikistan və Niderland hökümətlərinin birgə ev sahibliyi etdiyi konfransın açılışında çıxış edən BMT-nin Baş katibi Antoniu Quttereş bildirib ki, hazırda dünyada cərəyan edən dörd təbii fəlakətdən təxminən üçü su ilə bağlıdır.

"Dünyada dörd nəfərdən biri təhlükəsiz idarə olunan su xidmətləri və təmiz içməli su olmadan yaşayır. Su insanın hüququdur və daha yaxşı gələcəyi formalaşdırmaq üçün ümumi inkişaf məxrəcidir. Ancaq bu gün su bizim dərin problemimizdir. Biz istehlak və qeyri-davamlı istifadə vasitəsilə bəşəriyyətin həyat qanını boşaldırıq və qlobal istiləşmə vasitəsilə onu buxarlandırırıq. Su dövranı pozulub, ekosistemlər məhv edilib və yeraltı sular çirkləndirilib. Portuqaliyanın Baş naziri olduğum vaxt mənim ən qürurverici nailiyyətlərimdən biri 25 il əvvəl suların idarə edilməsinə dair Albufeyra Konvensiyasını imzalamaq oldu. Konvensiya bu gün də qüvvədədir. Mən bütün üzv dövlətləri BMT-nin Su Konvensiyasına qoşulmağa və həyata keçirməyə çağırıram", - Baş katib deyib.

Qeyd edək ki, BMT-nin su konfransında Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazir BMT Baş Assambleyasının su və fəlakət üzrə altıncı xüsusi tematik sessiyasında Azərbaycanda su ehtiyatlarının idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində görülən işlər, transsərhəd su probleminin həllində region ölkələrlə əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi mövzusunda çıxış edəcək. M.Babayevin üzv dövlətlərin rəsmiləri ilə ikili görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, martın 24-dək davam edəcək konfransda qlobal istiləşmə, şirin su mənbələrinin tükənməsi və su məsələləri ilə bağlı məqsəd və hədəflər müzakirə olunacaq.