ABŞ Dövlət katibi Antoni Blinken Rusiya Federasiyasında qalan amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.
Bu bəyanat “The Wall Street Journal” qəzetinin jurnalistinin həbsi fonunda verilib.
“Rusiyada yaşayan və ya Rusiyaya səfər edən ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər”, - Blinken bildirib.
Onun yazılı bəyanatı Dövlət Departamentinin saytında dərc olunub.
Hadisəyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, bu ABŞ-nin vətəndaşlarını Rusiyanı tərk etməyə ilk çağırışı deyil:
"Bundan öncə də Amerika və bir neçə ölkə öz vətəndaşlarını Rusiyanı ən qısa zamanda tərk etməyə çağırmışdı. Bunu isə onların həyatına ciddi təhlükə ola biləcəyi ilə arqumentləşdirmişdi. Hətta o zaman Rusiyanın daxilində terror qarışıq xaosun baş verməsi ehtimalı var idi. Lakin bu baş vermədi".
Analitik qeyd edib ki, Blinkenin bu dəfəki çağırışının Amerikalı jurnalistin Rusiyada həbsi ilə bağlıdır:
"Bildiyiniz kimi sözügedən jurnalist cəsusluq ilə məşğul olmaqda ittiham edilir. Vətəndaşlarını Rusiyanı tərk etmək çağırışı da bu hadisədən sonraya təsadüf edir. Ümumiyyətlə belə çağırışların sayının yaxın vaxtlarda daha da artacağını düşünmək olar. Yəni ABŞ Departamenti və səfirliyinin çağırışına digər ölkələr də qatıla bilər. Çünki rəsmi Moskvaya təzyiqlər sürətlənməyə başlayıb. Xüsusən Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verməsinin ardından gərginlik son həddə çatıb. Rusiya xüsusi xidmət orqanlarının isə buna cavab olaraq ölkədə fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına və strukturlarına qarşı əməliyyat keçirmə ehtimalı artır. Vəziyyətin hansı yerdə qalacağının yaxın zamanda şahidi olacağıq".