Siyahıdan çıxarıldı:ABŞ Ermənistanı etibarsız dövlət kimi qəbul edir

  Avropanın 10 ölkəsini əhatə edəcək "Defender 23" hərbi təlimlərinin iştirakçıları siyahısından Ermənistan çıxarılıb. ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısında Ermənistanın adına rast gəlinmir.
  Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.
  Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.
22 apreldə başlayacaq təlimlərdə Ermənistanın gözlənilmədən siyahıdan çıxarılması böyük maraq doğurub.

  Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bunu təbii qarşılamaq lazımdır. Ermənistanın son zamanlar yeritdiyi xarici siyasət ABŞ-ın bu addımı atmasına səbəb olub: "Bildiyimiz kimi, hərbi təlimin əsas təşkilatçısı vəzifəsini ABŞ öz üzərinə götürmüşdü. Ermənistan hökumətinin son dövrlər yeritdiyi  xarici siyasətin  ABŞ-ın və təlimin digər iştirakçı dövlətlərinin məqsədlərinə ziddiyyət təşkil etməsi, onların bu təlimlərdən kənarda qalmasına gətirib çıxardı".
  "Ermənistan və Rusiyanın bir-biri ilə qırılmaz tellərlə bağlılığı artıq bütün dünyaya məlumdur. Ermənistan və Rusiya ordularının birgə əməliyyat və təlimlərə cəlb olunması ilə bağlı 50 illik siyasi ittifaqlıq müqaviləsi mövcuddur. Bu müqavilə Qarabağ döyüşləri ərəfəsində bağlanmışdı. Rusiya hazırda dünya ölkələri, eləcə də keçiriləcək təlimin iştirakçı dövlətləri tərəfindən etibarsız bir partnyor, aqressiv bir dövlət olaraq qəbul edilir. Ermənistanın isə Rusiya ilə olan çoxşaxəli əlaqələrini nəzərə aldıqda, digər yandan son dövrlər İranın təkidi ilə bir sıra iqtisadi xarakterli layihələrin qarşısının alınmasında iştirakı Ermənistanın bu siyahıdan çıxarılması ilə nəticələnib", - deyə politoloq bildirib.