Alimləri heyrətə salıb - 65 yaşlı qadın heç vaxt ağrı-acı hiss etməyib


  Jo Cameronun 65 yaşınadək heç bir ağrı və acı hiss etmədən yaşamasının səbəbi məlum olub. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən  xəbər verir ki, Jo Cameronla bağlı aparılan testin nəticələri alimləri heyrətə salıb. Məlum olub ki, qadının 65 yaşınadək heç vaxt nə bir ağrı, nə də acı hiss etməməsinin səbəbi orqanizmində meydana gəlmiş mutasiyadır. Jo Cameron, məsələn, bədəninin hər hansı bir hissəsində yanıq əmələ gəldikdə, yaxud hansısa əzası bir yerə dəydikdə, ağrı, sancı hiss etməyib, yanıq olduğunu qoxudan, əzasının əzildiyini isə dərisinin göyərməsindən və ya qızartıdan anlayıb. Sobada nəsə bişirdikdə əli yandıqda bunu hiss etməyib. İşinə davam edib. Ağrı hiss etmədiyi üçün qorxu, həyəcan, ehtiyatlılıq hissləri də ona yad olub. Jo Cameron Şotlandiyada yaşayır. Və o, indiyədək dünyada sadəcə bir nəfərdə tapılmış genetik mutasiyaya sahibdir.  Bəziləri bunu tibbi möcüzə hesab edir. Jo Cameronun dünyada nadir rast gəlinən genetik mutasiyaya uğradığı bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra müəyyənləşib. Əlində ciddi cərrahi əməliyyata məruz qalan qadının heç bir ağrı hiss etməməsi, ağırkəsici vurulmasını istəməməsi həkimləri təəccübləndirib. Əməliyyatdan sonra kəskin ağrılar ola biləcəyini ehtimal edən həkimlər qadının çox sakit halını gördükdə, burada nəsə qeyri-adilik olduğundan şübhələniblər. Və Jonu müxtəlif  kliniki testlərdən keçiriblər. Test nəticələri qadının "Konjenital analjezi" adlı xəstəliyə tutulduğunu göstərib. Bu, çox nadir, milyonda bir rast gəlinən xəstəlikdir və orqanizmdə baş verən genetik mutasiya nəticəsində yaranır.