Rusiya "Volqa"nı qaytarır, ancaq Azərbaycanda maraq olmayacaq

"Modifikasiya dəyişkənliyindən asılı olmayaraq, son vaxtlar Rusiya istehsallı avtomobillərin Azərbaycan bazarına daxilolmaları müşahidə edilmir".

Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Rusiyanın yenidən "Volqa" brendi altında avtomobillər istehsal edəcəyi barədə danışarkən deyib. Onun sözlərinə görə, Rusiya maşınları Azərbaycan bazarının tələbatına cavab vermir: 

""Volqa" markalı maşınları hansı formaya salsalar da, heç nə dəyişməyəcək. Sovet dönəmində yalnız Rusiyanın istehsal etdiyi avtomobilləri almağa məcbur idik. Lakin indi bildiyimiz kimi, dünya bazarına daxil olan hegemon avtomobil brendləri var. "Mercedes", "Toyota", "Ford", Koreya istehsalı olan "Hyundai" markalı avtomobillərin daha çox bazara daxil olduğunu görürük. Azərbaycan alıcısı da adıçəkilən brendlərə məxsus, hətta işlənmiş maşınlara daha çox üstünlük verir. Hazırda "Lada" markalı Priora avtomobilləri ölkə bazarında var, amma kütləvi deyil".

Qeyd edək ki, Qorki Avtomobil Zavodu (QAZ) gələn il yeni texnoloji tərəfdaşın dəstəyi ilə “Volqa” brendi altında avtomobillərin istehsalına başlaya bilər. Bu barədə Rusiya sənaye və ticarət naziri Denis Manturov deyib.