Avstriyanın əsas müxalifət partiyasının yeni sədri seçilib

Avstriyanın əsas müxalifət partiyası olan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) iyunun 3-də keçirilən qurultayında partiyaya yeni sədr seçilib.

AZƏRTAC xəbər verir ki, 603 nümayəndənin iştirak etdiyi qurultayda nümayəndələrin 53,02 faizi Hans Peter Doskozilin, 46,81 faizi isə onun rəqibi Andreas Bablerin lehinə səs veriblər.

Mayın 22-də partiyadaxili üzv sorğusunun nəticələrinə görə də H. P. Doskozil 33,68 faizlə ən çox səs toplayan namizəd olmuşdu. İkinci yerdə A. Babler, üçüncü yerdə isə partiya sədri Pamela Rendi-Vaqner qərarlaşmışdı. Bu nəticədən sonra P. Rendi-Vaqner partiya sədrliyindən və siyasətdən getdiyini elan edərək, iddialı iki namizədin rəhbərlik uğrunda mübarizəsinə yol açmışdı.

Səsvermənin nəticələri elan ediləndən sonra H. P. Doskozil gələn ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıq, partiya strukturu və proqramındakı yeniliklər barədə danışıb. O, sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) ilə bütün mümkün əməkdaşlığı rədd edərək, hazırda hökumətdə təmsil olunan Avstriya Xalq Partiyasına (ÖVP) qarşı üçlü koalisiyanın (SPÖ-Yaşıllar-NEOS) qurulması üzərində iş aparılmasının vacibliyini vurğulayıb.