Vatikandan verilən açıqlamada Katolik Kilsəsinin ruhani lideri Papa Fransisin bu gün əməliyyat olunacağı bildirilib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, son vaxtlar səhhətində problemlər yaranan Papa Romadakı Gemelli xəstəxanasına aparılıb və bu gün qarın nahiyəsindən əməliyyat olunacaq.
Vurğulanıb ki, 86 yaşlı Papa Fransiskin həkimləri əməliyyata qərar verib və o bir neçə gün xəstəxanada müalicə alacaq.
Qeyd edək ki, Papa Fransisk bu yaxınlarda martın 29-da nəfəs darlığı şikayəti ilə Gemelli Xəstəxanasına aparılıb. Burada tənəffüs yoluxucu infeksiyadan müalicə alan Papa aprelin 1-də evə buraxılıb. 2013-cü ildə Katolik Kilsəsinin 266-cı Papası seçilən Papa Fransiskin gəncliyində keçirdiyi infeksiyaya görə bir ağciyəri var.
Xatırladaq ki, Katoliklərin ruhani lideri dizindən aldığı zədə səbəbindən bir müddətdir əlil arabasında tədbirlərə qatılır. Papa Fransisk sonuncu dəfə 4 iyul 2021-ci ildə eyni xəstəxanada yoğun bağırsaq əməliyyatı keçirib və 10 gün xəstəxanada müşahidə altında olub.
Hətta o 2022-ci ilin dekabrında İspaniyanın ABC qəzetinə verdiyi açıqlamada səhhətinə görə vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa məktubunu hazır saxladığını bildirmişdi.
Mənbə: Haber Global